...

...

25 Mayıs 2015 Pazartesi

sevgili üçün notlar - re








Bizi doğdular və qulağımıza adımız əvəzinə “filankəsin qızısan, filankəsin nəvəsisən, filankəsin bacısısan, bəhmənkəsin də arvadı,gəlini olacaqsan“ı pıçıldadılar. Bütün ömrümüz adımızı axtarmaqla keçməkdədi indi.
Sonra pəncərələri, qapıları möhkəm-möhkəm çəkib bağladılar, qoca nənəmiz, babamız vardı, üşüyürdülər, yay-qış sümükləri qızmırdı. Biz bayıra elə hey çirkli pəncərələrin sınıq künclərindən baxdıq, bir quyu göy üzünü nə qədər tanıyarsa, o qədərini tanıdıq həyatın, dünyanın.
Divarları keçməyə çalışdıq, boyumuzdan çox hündür idilər, aşa bilmədik, yıxmaq istədik, bir də baxdıq ki, payızdı, balaca pişik balaları insan hənirtisinə söykəniblər divarların o tayından. Bizi getməyə qoymayan divarlar onları soyuqdan qoruyurdu – burdan başlayırdı bütün ayrılıqlar.
Çəkilib oturmuşuq yolların üstündə - üzüdivara. Ayaqqabılarımız ayaqlarımızdan böyükdü, bizə qədər çox yol gəliblər böyüklərin ayağında. Gözlərimizi yollarda sürüyə-sürüyə qalmışıq. Kimsə gəlir, hamı gedir indi. Hardasa divarların o tayında, ya da lap uzaqlarda, hardasa bir yerdə bir adam olmalı, bir ünvan olmalı, hərdənbir bağıra bilmək üçün onlara – heey, bizdən gedənlər sağ-salamat çatdılarmı sizə?


Hiç yorum yok:

Yorum Gönder