...

...

3 Mayıs 2015 Pazar

sevgili üçün notlar

Güclü dişağrım vardı və elə bir yerdə idim ki, nə həkimə nə dərmana əlim çatırdı.Mətbəxdə əsəbi halda dolabları açır-bağlayır nəsə axtarırdım.Əlimə yarımçıq vodka şüşəsi keçdi.Sevindim.Heç vaxt vodka içə bilməmişəm.Ilk qurtumu yerə tüpürmək - ən uzağı buracan getmişəm.İçəcəkdim.Biraz boğazım yanar,istilik gələr,gözlərim yaşarar,bəxtim gətirsə yataram  hətta deyə düşündüm.Dişağrını unutmaq üçün nəsə başqa bir qıcıq yaratmalı idim beynimdə.
Şüşə əlimdə dolabları yenidən açıb bağlamağa başladım və bu dəfə nə axtardığımı bilirdim.Stəkan.Birdən boynumun arxasında hənirti duydum:
-neynirsən?
Çevrildim.Anamın həmişəki gileyqarışıq nigaran üzüylə burun-buruna gəldik.
-içəcəm bəlkə ağrı keçər.
Qəfil şüşəni çəkib əlimdən aldı, iti addımlarla dönüb getdi.Yarıaçıq qapıdan həyət lampasının işığında anamın  kölgəsinin anbara girdiyini gördüm.Bir neçə dəqiqə sonra qayıtdı,qapını çəkib örtdü,pəncərənin önündəki kitab qalağının içindən balaca,əl boyda bir kitab çıxarıb dodaqaltı nəsə oxumağa  başladı.Mənim ağrılarımın keçməsi üçün dua edirdi.
İkiqat olduğumu xatırlayıram.Qəfildən göbəyimin altından bir ağrı tutdu.Ani çəkdi və ötdü.Boğazımda nəsə qalmışdı sanki,boğulurdum və gözlərimin lap dərinliyində qaynar bir köz varmış kimi hiss edirdim.
O vaxta qədər elə bilirdim ki,heç nə vecimə deyil.Ciddi-ciddi belə düşünürdüm.Nə dünyanın o biri ucunda aclıqdan əziyyət çəkən uşaqlar,nə infilyasiya,işsizlik,nə kiminsə atıb getməsi,nə kimisə unuda bilməmək – heçnə.Gördüm ki,elə deyilmiş.
İndiyəcən görməzdən gəldiyim hər şey yığılıb taya olub və üstümə aşmış kimi idi.Mənə çətin idi.Bunu öz-özümə etiraf etmək çətin idi əslində.
Kimsə düşünə bilərki,bu adi bir şeydi,mən böyüdürəm hər şeyi.Bu vecimə deyil deyil,çünki vecimədi artıq hər şey.Adi bir məişət hadisəsi ola bilər amma mənim üçün ciddi travma idi və bütün müdafiə sistemimi çökdürmüşdü.Indi mən büsbütün həyata,bu boyda dünyaya,bu qədər insanlara qarşı təmtək idim.
Gizləndiyim yerdən çıxıb döyüşməliydim,heç kim və heçnə qalmamışdı, kürəyimi dayadığım divarlar qopub tökülmüşdü.Ortalıq müharibə sonrasını xatırladırdı,dağıntıların arasında uşaqlıqda itirdiyim bir dostumun acısı,ölən pişiyimin meyiti (itlər quyruğunu qoparmışdı yazığın,quyruqsız pişik meyiti durur ortada,ilahi,bu nədi),arxasınca gedə bilmədiyim sevimli peşə,rəfiqəmin ərə gedəndən sonrakı uzaqlığı,çıxıb gedənlərin hamısı,unutduğum bütün şeylər,görmürəm dediyim bütün yaralar hamısı ortalıqda idi,gözümün önündə,biz burdayıq,biz itməmişik,biz varıq deyə bağırırdılar və mən hansına ağrıyacağımı,üzüləcəyimi anlamırdım.
Hər şeyi və hamını son dəfə unutmaq qərarına gəldim.Birinci özümdən başlamalıydım.Özünü qoyub  getsən
kimsə sənlə gələ bilməz deyib kimsə,belə xatırlayıram,ya bəlkə özüm uydurmuşam,əmin deyiləm,unutduğum şeyləri xatırlayanda belə olur hər dəfə,əmin ola bilmirəm,büsbütün qayıtmır atdığım yerdən.
Əvvəlcə arzulardan başlamalıydım.Onları heç kimin görməyəcəyi yerlərdə gizlətməliydim,görüb zərər verə bilməsinlər deyə.Gizlətdim.Bu dəfə də görmədikləriyçün tapdalayıb keçdilər,vurub yıxdılar,dağıdıb tökdülər.
Özümü bitirməliydim.İntihar filan düşünməmişdim əsla,ölmək yox,döyüşməyi seçmişdim.Ölüm onsuz da vardı axırda.
Yazmağa başladım.Yazıb bitirmək istədikcə çoxalırdım.Misra-misra artırdım,sətir-sətir çoxalırdım,bu boyda həngamənin,bu qədər düşmənin arasında bir də mənlər çıxırdı,artırdı,səpələnirdi ətrafa.Kaşki dost olmağa çalışsaydım onlarla.Amma təkliyi beynimə yerləşdirmişdim.Hamıya qarşı vuruşmalıydım və çoxalan mənlər də hamının sırasına keçirdi.Yazmaq vuruşacaqlarımı artırmaqdan başqa heç nəyə yaramırdı.
Yatmağ istədim-hər şey bitəndən sonra ayılmaq.Hər dəfə  eyni yuxuya yatıb,eyni yuxudan eyni yerdə ayıldım.Hər şey məni gözləyirdi,mən kabusla əlləşərkən gecəni onlar yatıb yuxularını almışdılar.
Və heç nəylə başa çıxa bilmədiyim bir vaxtda səni gördüm.Həmin axşam  qarnımdan başlayan,dişağrımı unutduran o sancı kimi gəldin.
Mən dayanıb sənə baxıram və onlar üstümə gəlir.Qorxuram indi ilk dəfə.Amma onlardan deyil.Sən bilirsən.
Yorğunam,sevgili.Dünyanın ən soyuq silahı kimi daşıyıram indi cibimdə əllərimi..



Hiç yorum yok:

Yorum Gönder