...

...

25 Mayıs 2015 Pazartesi

sevgili üçün notlar - re








Bizi doğdular və qulağımıza adımız əvəzinə “filankəsin qızısan, filankəsin nəvəsisən, filankəsin bacısısan, bəhmənkəsin də arvadı,gəlini olacaqsan“ı pıçıldadılar. Bütün ömrümüz adımızı axtarmaqla keçməkdədi indi.
Sonra pəncərələri, qapıları möhkəm-möhkəm çəkib bağladılar, qoca nənəmiz, babamız vardı, üşüyürdülər, yay-qış sümükləri qızmırdı. Biz bayıra elə hey çirkli pəncərələrin sınıq künclərindən baxdıq, bir quyu göy üzünü nə qədər tanıyarsa, o qədərini tanıdıq həyatın, dünyanın.
Divarları keçməyə çalışdıq, boyumuzdan çox hündür idilər, aşa bilmədik, yıxmaq istədik, bir də baxdıq ki, payızdı, balaca pişik balaları insan hənirtisinə söykəniblər divarların o tayından. Bizi getməyə qoymayan divarlar onları soyuqdan qoruyurdu – burdan başlayırdı bütün ayrılıqlar.
Çəkilib oturmuşuq yolların üstündə - üzüdivara. Ayaqqabılarımız ayaqlarımızdan böyükdü, bizə qədər çox yol gəliblər böyüklərin ayağında. Gözlərimizi yollarda sürüyə-sürüyə qalmışıq. Kimsə gəlir, hamı gedir indi. Hardasa divarların o tayında, ya da lap uzaqlarda, hardasa bir yerdə bir adam olmalı, bir ünvan olmalı, hərdənbir bağıra bilmək üçün onlara – heey, bizdən gedənlər sağ-salamat çatdılarmı sizə?


3 Mayıs 2015 Pazar

sevgili üçün notlar

Güclü dişağrım vardı və elə bir yerdə idim ki, nə həkimə nə dərmana əlim çatırdı.Mətbəxdə əsəbi halda dolabları açır-bağlayır nəsə axtarırdım.Əlimə yarımçıq vodka şüşəsi keçdi.Sevindim.Heç vaxt vodka içə bilməmişəm.Ilk qurtumu yerə tüpürmək - ən uzağı buracan getmişəm.İçəcəkdim.Biraz boğazım yanar,istilik gələr,gözlərim yaşarar,bəxtim gətirsə yataram  hətta deyə düşündüm.Dişağrını unutmaq üçün nəsə başqa bir qıcıq yaratmalı idim beynimdə.
Şüşə əlimdə dolabları yenidən açıb bağlamağa başladım və bu dəfə nə axtardığımı bilirdim.Stəkan.Birdən boynumun arxasında hənirti duydum:
-neynirsən?
Çevrildim.Anamın həmişəki gileyqarışıq nigaran üzüylə burun-buruna gəldik.
-içəcəm bəlkə ağrı keçər.
Qəfil şüşəni çəkib əlimdən aldı, iti addımlarla dönüb getdi.Yarıaçıq qapıdan həyət lampasının işığında anamın  kölgəsinin anbara girdiyini gördüm.Bir neçə dəqiqə sonra qayıtdı,qapını çəkib örtdü,pəncərənin önündəki kitab qalağının içindən balaca,əl boyda bir kitab çıxarıb dodaqaltı nəsə oxumağa  başladı.Mənim ağrılarımın keçməsi üçün dua edirdi.
İkiqat olduğumu xatırlayıram.Qəfildən göbəyimin altından bir ağrı tutdu.Ani çəkdi və ötdü.Boğazımda nəsə qalmışdı sanki,boğulurdum və gözlərimin lap dərinliyində qaynar bir köz varmış kimi hiss edirdim.
O vaxta qədər elə bilirdim ki,heç nə vecimə deyil.Ciddi-ciddi belə düşünürdüm.Nə dünyanın o biri ucunda aclıqdan əziyyət çəkən uşaqlar,nə infilyasiya,işsizlik,nə kiminsə atıb getməsi,nə kimisə unuda bilməmək – heçnə.Gördüm ki,elə deyilmiş.
İndiyəcən görməzdən gəldiyim hər şey yığılıb taya olub və üstümə aşmış kimi idi.Mənə çətin idi.Bunu öz-özümə etiraf etmək çətin idi əslində.
Kimsə düşünə bilərki,bu adi bir şeydi,mən böyüdürəm hər şeyi.Bu vecimə deyil deyil,çünki vecimədi artıq hər şey.Adi bir məişət hadisəsi ola bilər amma mənim üçün ciddi travma idi və bütün müdafiə sistemimi çökdürmüşdü.Indi mən büsbütün həyata,bu boyda dünyaya,bu qədər insanlara qarşı təmtək idim.
Gizləndiyim yerdən çıxıb döyüşməliydim,heç kim və heçnə qalmamışdı, kürəyimi dayadığım divarlar qopub tökülmüşdü.Ortalıq müharibə sonrasını xatırladırdı,dağıntıların arasında uşaqlıqda itirdiyim bir dostumun acısı,ölən pişiyimin meyiti (itlər quyruğunu qoparmışdı yazığın,quyruqsız pişik meyiti durur ortada,ilahi,bu nədi),arxasınca gedə bilmədiyim sevimli peşə,rəfiqəmin ərə gedəndən sonrakı uzaqlığı,çıxıb gedənlərin hamısı,unutduğum bütün şeylər,görmürəm dediyim bütün yaralar hamısı ortalıqda idi,gözümün önündə,biz burdayıq,biz itməmişik,biz varıq deyə bağırırdılar və mən hansına ağrıyacağımı,üzüləcəyimi anlamırdım.
Hər şeyi və hamını son dəfə unutmaq qərarına gəldim.Birinci özümdən başlamalıydım.Özünü qoyub  getsən