...

...

29 Temmuz 2015 Çarşamba

Oxucu notu - Valter Vitmən

                                                                                         Ağrıları paltar kimi geyinirəm əynimə
‘’necəsən’’ deyə soruşmuram yaralı əsgərlərdən
                                      onları görəndə
                                               mən də yaralanıram.
                                          Və bütün bunları
                                            qayıq gözləyərkən
                                                                           vaxt öldürməkçün  yazmıram sahildə ...



O nə Fernando Pesoa kimi onlarla uydurma imzanın arxasında özünü gizlətmir,nə Emili Dikonson kimi özünü bir otağa qapadıb rahatlığ axtarmır,nə də Artur Rembo kimi sevgilisinin ölümündən sonra şeiri tərk  etmir.Valt Vitmən  yaxud Valter Vitmən – bu amerikalı şair özünü səs-küylü küçələrin,yamyaşıl təbiətin,əsl həyatın içinə atıb qışqıra-qışqıra öz nəğmələrini oxuyur və fikrimcə əsl şair həyatını da o yaşayırdı.
Nyu-Yorkda doqquz uşaqlı bir ailədə doğulan şair  11 yaşında məktəbi atıb,dülgər atasının emalatxanasında işləməyə başlayır.Gəncliyində dülgərliklə yanaşı jurnalistika və mətbəəçiliklə məşğul olan  amerikalı iki ilə yaxın bir müddətdə hərbi xəstəxanada əsgər xidmətçisi kimi işləyib və ömrünün sonunacan köçüb yerləşdiyi Nyu-Cersidə yaşayıb.
Ilk şeir kitabı (Leaves of Grass) 36 yaşında çap olunmuş,lakin 94 səhifəlik bu kitab ona şöhrət gətirə bilməmişdi.Təkcə R.V.Emerson ona yazdığı məktubunda şeirlərini və tərzini çox bəyəndiyini söyləyirdi.Emersonun məktubu ilə ruhlanan Vitmən bir il sonra kitabı səhifələrini 384-ə qədər artırmaqla yenidən nəşr edir.
Amerikada ‘’demokratiyanın şairi’’ hesab edilən Valter ‘’amerika özü büsbütün bir şeirdir’’ deyir,hərdən də onun sənayesindən,gücündən narazılığını yazırdı.R.Ş. ‘’Böyük yazarların gizli həyatları’’ kitabında Valt Vitməndən danışarkən onun biseksual olduğunu və ən böyük sevgisinin ABŞ prezidenti A.Linkoln olduğunu deyir,şeir yazmadığı və ya Linkolna olan hisslərini kağıza köçürə bilmədiyi vaxtlarda isə ən sevimli məşğuliyyətinin hamam vannasında içki içərək bağıra-bağıra mahnı oxumaq olduğunu qeyd edir.
Şekspirdən,Tövratdan,italyan operalarından,Homer,Dante,V.Skot və Emersondan bəhrələnən şairin şeirlərində heç kim yoxdur əslində.Onu oxumaq şehli otların arasıyla kəpənək ardınca qaçmaq kimidi.Tam tutdum deyərkən barmaqlarının ucundan uçub gedən rəngli,qəşəng bir kəpənək görürsən.Bəli,Valter şeirlərlə oynayır.Lakin bu birinin özünü hansısa rola sığdırıb qurama şair obrazının içinə yerləşmək cəhdi deyil,bir uşağın rəngbərəng böcəklərlə oynaması qədər saf,məsum,sadəcə ‘’canı istədiyi’’ üçündü.
‘’Əsər dolğun olmaq məcburiyyətində deyil,oxucu özü dolğun olmalıdı’’ deyən şair bu fikri ilə yepyeni bir ədəbiyyat çağırışındaydı.Valter yenilikçi şair idi.O yeniliyi yenilik etmək naminə yox,yeniliyin qaçılmaz olduğu üçün sevirdi.Bu  amerikalının şeirlərində səs-küy,küçə musiqiləri,rəqs edən ayaqqabıların tıqqıltısı,yağışlı küçədən keçən islaq addım səsləri,isterik qadın çığırtıları,uşaq sevincləri,yaralı əsgərlərin zarıltıları – hər şey var.Həyatda hər şey necədirsə şeirdə də eynilə o cürdü. Valter həyata küsmüş,həqiqəti dərk etmiş şair,ya da aydınlanmış filosof kimi danışmır bizimlə,təbiəti,real həyatı və real insanı təqdim edir.’’Tanrının sözlərini qulaq ardına vurub,təkcə təbiəti müşahidə etməklə də əsl həqiqətə çatmaq olar’’ deyən şair fit çala-çala nəğməsini oxuyur və keçir – istiqaməti,hardan gəlib hara getdiyini özümüz aydınlaşdırmalıyıq.
Valter bizə zəngin bir süfrə açır.Bu süfrədə maddə və ruh,elm və metafizika,müqəddəs kitaba göndərmələr,transdentalizm – nə axtarsan var.Onun dünyasına enə bilmək üçün reallıqdan qopmağa gərək yoxdur.Sən göydələnin hansısa mərtəbəsindən aşağı boylanırsan və o orda,aşağıdan yuxarı sənə əl eyləyib bayıra səsləyir – düş gəl,həyat burdadı.Səsini eşitmirsən bəlkə amma aşağıdan keçib gedən kiçik insan qaraltısını görürsən.
73 yaşında vəfat edən şair indiyəcən tanıdıqlarımın arasında insana ən yaxşı bələd olanıdır deyə bilirəm əminliklə.Və onu oxuyanda tanıdığın bütün şair obrazları – özünü bir otağa qapadıb illərlə ağrı çəkmək,alkoqol və heroinlə özünü zəhərləmək,heç nəylə barışa bilməyib intihar etmək,insanlığı düşünüb təəəssüflə baş bulamaq,tərk edilmələrin ağrısını yaşamaq,dünyanı bombalayanlara lənətlər yağdırmaq,azadlığa səsləyən şeirlər çığırmaq,insani duyğuların gətirdiyi ‘’anlayıb ağrımaq’’ – hər şey dəyərini itirir.
O  sadəcə yaşayırdı,milyardlarla insan kimi.Və acısı da şair acısı yox,adi,sıradan birinin ağrısıyla eynidi.Valter şairlə insan arasındakı bütün pərdələri söküb dağıdır.Bütün qaranlıqlar əriyir və gün işığı gözlərini qamaşdırır...

25 Mayıs 2015 Pazartesi

sevgili üçün notlar - re








Bizi doğdular və qulağımıza adımız əvəzinə “filankəsin qızısan, filankəsin nəvəsisən, filankəsin bacısısan, bəhmənkəsin də arvadı,gəlini olacaqsan“ı pıçıldadılar. Bütün ömrümüz adımızı axtarmaqla keçməkdədi indi.
Sonra pəncərələri, qapıları möhkəm-möhkəm çəkib bağladılar, qoca nənəmiz, babamız vardı, üşüyürdülər, yay-qış sümükləri qızmırdı. Biz bayıra elə hey çirkli pəncərələrin sınıq künclərindən baxdıq, bir quyu göy üzünü nə qədər tanıyarsa, o qədərini tanıdıq həyatın, dünyanın.
Divarları keçməyə çalışdıq, boyumuzdan çox hündür idilər, aşa bilmədik, yıxmaq istədik, bir də baxdıq ki, payızdı, balaca pişik balaları insan hənirtisinə söykəniblər divarların o tayından. Bizi getməyə qoymayan divarlar onları soyuqdan qoruyurdu – burdan başlayırdı bütün ayrılıqlar.
Çəkilib oturmuşuq yolların üstündə - üzüdivara. Ayaqqabılarımız ayaqlarımızdan böyükdü, bizə qədər çox yol gəliblər böyüklərin ayağında. Gözlərimizi yollarda sürüyə-sürüyə qalmışıq. Kimsə gəlir, hamı gedir indi. Hardasa divarların o tayında, ya da lap uzaqlarda, hardasa bir yerdə bir adam olmalı, bir ünvan olmalı, hərdənbir bağıra bilmək üçün onlara – heey, bizdən gedənlər sağ-salamat çatdılarmı sizə?


3 Mayıs 2015 Pazar

sevgili üçün notlar

Güclü dişağrım vardı və elə bir yerdə idim ki, nə həkimə nə dərmana əlim çatırdı.Mətbəxdə əsəbi halda dolabları açır-bağlayır nəsə axtarırdım.Əlimə yarımçıq vodka şüşəsi keçdi.Sevindim.Heç vaxt vodka içə bilməmişəm.Ilk qurtumu yerə tüpürmək - ən uzağı buracan getmişəm.İçəcəkdim.Biraz boğazım yanar,istilik gələr,gözlərim yaşarar,bəxtim gətirsə yataram  hətta deyə düşündüm.Dişağrını unutmaq üçün nəsə başqa bir qıcıq yaratmalı idim beynimdə.
Şüşə əlimdə dolabları yenidən açıb bağlamağa başladım və bu dəfə nə axtardığımı bilirdim.Stəkan.Birdən boynumun arxasında hənirti duydum:
-neynirsən?
Çevrildim.Anamın həmişəki gileyqarışıq nigaran üzüylə burun-buruna gəldik.
-içəcəm bəlkə ağrı keçər.
Qəfil şüşəni çəkib əlimdən aldı, iti addımlarla dönüb getdi.Yarıaçıq qapıdan həyət lampasının işığında anamın  kölgəsinin anbara girdiyini gördüm.Bir neçə dəqiqə sonra qayıtdı,qapını çəkib örtdü,pəncərənin önündəki kitab qalağının içindən balaca,əl boyda bir kitab çıxarıb dodaqaltı nəsə oxumağa  başladı.Mənim ağrılarımın keçməsi üçün dua edirdi.
İkiqat olduğumu xatırlayıram.Qəfildən göbəyimin altından bir ağrı tutdu.Ani çəkdi və ötdü.Boğazımda nəsə qalmışdı sanki,boğulurdum və gözlərimin lap dərinliyində qaynar bir köz varmış kimi hiss edirdim.
O vaxta qədər elə bilirdim ki,heç nə vecimə deyil.Ciddi-ciddi belə düşünürdüm.Nə dünyanın o biri ucunda aclıqdan əziyyət çəkən uşaqlar,nə infilyasiya,işsizlik,nə kiminsə atıb getməsi,nə kimisə unuda bilməmək – heçnə.Gördüm ki,elə deyilmiş.
İndiyəcən görməzdən gəldiyim hər şey yığılıb taya olub və üstümə aşmış kimi idi.Mənə çətin idi.Bunu öz-özümə etiraf etmək çətin idi əslində.
Kimsə düşünə bilərki,bu adi bir şeydi,mən böyüdürəm hər şeyi.Bu vecimə deyil deyil,çünki vecimədi artıq hər şey.Adi bir məişət hadisəsi ola bilər amma mənim üçün ciddi travma idi və bütün müdafiə sistemimi çökdürmüşdü.Indi mən büsbütün həyata,bu boyda dünyaya,bu qədər insanlara qarşı təmtək idim.
Gizləndiyim yerdən çıxıb döyüşməliydim,heç kim və heçnə qalmamışdı, kürəyimi dayadığım divarlar qopub tökülmüşdü.Ortalıq müharibə sonrasını xatırladırdı,dağıntıların arasında uşaqlıqda itirdiyim bir dostumun acısı,ölən pişiyimin meyiti (itlər quyruğunu qoparmışdı yazığın,quyruqsız pişik meyiti durur ortada,ilahi,bu nədi),arxasınca gedə bilmədiyim sevimli peşə,rəfiqəmin ərə gedəndən sonrakı uzaqlığı,çıxıb gedənlərin hamısı,unutduğum bütün şeylər,görmürəm dediyim bütün yaralar hamısı ortalıqda idi,gözümün önündə,biz burdayıq,biz itməmişik,biz varıq deyə bağırırdılar və mən hansına ağrıyacağımı,üzüləcəyimi anlamırdım.
Hər şeyi və hamını son dəfə unutmaq qərarına gəldim.Birinci özümdən başlamalıydım.Özünü qoyub  getsən

9 Mart 2015 Pazartesi

Ömər Faruk Hatipoğlu



***


Göy üzü yalnız maviykən deyil
Qapqaraykən də sevilir
-Ulduzlar şahidimdir.


***

Gecənin uzağında
Gözüyaşlı bir külək
Yıxılsa pəncərəndən
Dinlə...
Səsimdən qopdu

Gecənin uzağında ...

Gecənin soyuğunda
hüzünlə ötsə qanadı qarlı bir quş
Uzat çiyinlərini
Içimdən uçdu ...

Gecənin quraqlığında
Bir ulduz axsa işıq ağlayan
Daş olmaq  arzusuyla,
Aç bağrını
Yuxumdan düşdü...

Gecənin qəribliyində
Yer-yataq istəsə yuxusuz bir şeir
Göm gözlərinə
Canımdan damdı

Gecənin uzağında ...

***

Eşq – ayaqda tuturmuş insanı
Ardınca sürünərkən anladım .

***

Bir şair yaşayır ‘’əyriyol’’ küçəsində
Nə küçə bilir
Nə küçədən keçənlər
Özü də əmin deyil .

***

Siz həmişə vardınız
Heç bir zaman yoxkən.
sevə bilmədiz məni əsla
mən daim sevərkən sizi...

Və nə öləcəyimdən xəbər tutacaqsınız
Nə də içimdə ölməyəcəyinizdən ...

***

Yarpağı gözündən sonra sevdim
Pambığı bədənin sevdirdi
Saçlarında dalğalarla dostlaşdım
Dünyanı və özümü sevdim.
Yaxşı ki yoxsan
Ölmək  ağır gələrdi.





29 Ocak 2015 Perşembe

... uzaq yaşıl ada ...

 Vaqif Səmədoğlu 





Yorğun qol kimi
Düşəcəksən bir gün
Divarların yanına.
Gözləmə.

***

Bu çinardan dar ağacı
Royalımın taxtasından qış ocağı
Quracaqlarsa ...
Demək  
nəfəs almışam
ömrüm boyu asılarkən ...
demək
buz olmuşam
ayaqlarımın altda günəş basılarkən !...


***
Bu gün
ləpədöyəndə
qapqara mazuta bulaşmış
bir qağayının
meyiti üstündə
xaç kimi dayanmışam.
Məzara da
bənzəməyə başladım,
ana ...

*** 

Mən sənin
yer üzünə düşən
kölgələrini yığıb,
bir nəhəng
qurama gecə tikmişəm özümə.

***  

Bu yol
səni kiməsə yetirib
bitmək istəyir ...






23 Ocak 2015 Cuma

susa bilmədiklərim

Suya daş atmaq ən sevdiyim məşğuliyyətimdi.

nizə,çaya,olmadı arxa. Su ən sevdiyim nəsnədi dünyada.Həm də ən qorxduğum.
Yeganə fobiyam suda boğulmaqdı.Bir gün atdığım daşların qisasın ala bilər deyə qorxuram. Hər şeyin yaddaşı var deyirlər.Yəgin ki, suyun da.
Ən təhlükəli məxluq qadındı deyirlər,hələ o qadın anadırsa.Övladı üçün etməyəcəyi şey yoxdu deyirlər – dümağ aldanışdı.
 Xocalıda ağlayan körpəsini boğub öldürən qadın da ana idi - yerlərini xəbərdar etməsin düşmənə deyə.oğlunun ağ ətindən qara qovurmanı yeyən nənəmiz Burla xatun da ana idi - namusuna ləkə gəlməsin deyə.
Tanıdığım bütün analar övladıyçün öz canını güllə qabağına verməyə hazırdı.amma heç bir ana dəli övladının yanına düşüb həyətdə çubuqdan at sürməz. Gecə-gündüz qəhr çəkər,gözləri tutular ağlamaqdan,pis yola da düşər,bəlkə intihar da edər.Hər şey ağııllıcadı,məntiqlədi, bircə məntiqsizlikdən qeyri.
Bir şeylərə  inanirsansa günah etmək asanlaşır ,necə olsa bütün günahlarını bağışlayacaq bir Tanrının varlığını düşünürsən. Bütün cinayətlər,terror,pis əməllər ən çox inanclılar tərəfindən törədilir bugün.Tanrıya inanmayanlar ən az günahlılardı.bağışlayanın olmadığını dərk etdikləriyçun bəlkə də.
Hamımız eyni yerdən gəlib,eyni yerə gedirik,zövqlər dartışılmaz deyib,istər qara kurtka geysək,istər yaşıl şalvar fərqimiz elə də böyümür təəssüf ki. Kəllə qutumuzun içindəkilər eynidi. O qədər ilişib qalmışıq ki,çıxdığımız yerə, ömrümüz boyu oranı qorumaqla məşğuluq – od qoruyan kimi. İllərdi yağış da eyni cür yağır,günəş də eyni cür çıxır. Çiynimizin üstündə eyni buludu gəzdirirk elə bil əsrlərdi. Uşaqlığımızdakı balaca arzularda böyümür əsla. Hələ də bir işıldaböcək yetir gülümsəyə bilməyimizə,günəşə uçmağı arzulamırıq.
Ovcunu yumursan-açırsan vaxt gedir . Başqa da heç nə.
İsa Şahmarlı üçün çəkilmiş videorolikə yazılmış şərhləri oxuyanda görürsən ki, hamı eyni cür oynayır,kim olmağından asılı olmadan, biz rənglərin ancaq görə bildiyimiz qədərini düşünə bilirik,ayın o biri tərəfi də maraqlı deyil heç bizə. İç səsimiz eynidi,çöldə fərq yaratmaq cəhdlərimizsə aldanışdan başqa heçnə.

İnandığım bircə şey var – su atılan daşların qısasını alacaq, bir gün boğulacağıq.

9 Ocak 2015 Cuma

Oxucu Notu - Absurd Teatrda Məcnun







Olum ya ölüm? – Şekspir_Hamlet  
  

Taleyi dəyişdirməkçün seçilmiş yol ən doğrusudurmu? – Dostoyevski_Cinayət və Cəza


Həyat mənalıdır deyə yaşayırıq yoxsa absurd kimi qəbul etdiyimiz şeyləri gerçəkləşdirmək üçün sürünürük  ömür boyu ? – Kafka_Qəsr


İnsanın taleyi , onunla nə olacağı eynilə bir əşya kimi əvvəlcədən müəyyənləşdirilmişdirmi? – Sartr_Ürəkbulanma


İnsanlarla aramızdakı bağ gerçəkdir ya yalnızlıqdan qaçmaq üçün sığınmışıq birbirimizə? – Kamü_Yad


Eşq, sevgi deyə adlandırdığımız duyğular əslində ölüm qorxusundan gizlənməkçünmü lazımdı ? – Bekket_Sevgisiz münasibətlər.

Samuel Bekket və Absurd Teatr haqda oxuyarkən çevrilib arxaya baxanda uzun bir zəncir görə bilərik.
Kütlə ilə fərd arasındakı uçurumdan bəhs edən Absurd Teatrçılardan öncə varoluşu sorğulamaqla Kamü absurd teatrla varoluşçuluq arasında körpü yaratdı.Kamü nə intiharı öymür nə də yaşamağı təbliğ etmir. Ona görə əgər insan əvvəl-axır öləcəksə bunun zamanının və necə olacağının heç bir önəmi yoxdur.Və  insanın ən böyük problemi nə doğru nə də yanlış olmayan həyata qatlanıb-qatlanmaycağıdır.
Ondan da biraz o tərəfə keçəndə varoluşçulardan Sartrla rastlaşırıq.Sartra görə insan azadlığa məhkumdur və insanın azadlığı mütləq intiharla nəticələnməlidir.son tapmalıdır.
Biraz da irəli getdikcə Kafka,Dostoyevskinin də eyni sualları verib eyni problemləri ortaya atdığını görmək olur.Hər kəs özündən əvvəlki halqaya birini də əlavə etməklə irəli ötürüb sanki və zəncirin ucu  Şekspirin ‘’Hamlet’’inə gedib dayanır. Lakin  burda dayanmır. Ötüb ‘’Leyli və Məcnun’’a da keçmək olar. Hamletin əvvəlki pərdələrdə adamı öldürmək fikrindən daşınması  Məcnunun Leylidən imtinasının – get sən o əvvəlki Leyli deyilsən- deməsinin , ilahi eşqi tapıb onun arxasınca çıxıb getməsinin eyni deyilmi? Burdan da ötüb təsəvvüf elminə keçə birik.
Mütaliə etdikcə gorürsən ki, xəyali oxun bir ucu ekzistensializm fəlsəfəsini göstərir və digər ucu isə təsəvvüf  elminə istiqamətlənmişdir.
Ola bilər ki, ‘’Leyli və Məcnun’’dan baxanda Absurd Teatr çox uzaqda görünsün, amma Samuel Bekketə qədər gəlib çıxmısansa burdan geri boylananda absurd teatrdan səhraya uzanan bir yol, yol boyu Kafka,Sartr,Dostoyevski görünür və uzaqlardan da Məcnunun qaraltısı sezilir.
Görünən o ki,hər şey insanın düşüncəsi ilə var.Düşünə bilən hər kəs sualın qoyuluş formasından asılı olmadan əslində eyni cavabı axtarır.  Düşünməyə başlayan insan mütləq həqiqəti tapmağa məhkumdur - əgər varsa. Və bu prosesdə  Nitsşenin ‘’Tanrı öldü’’  fikrinə söykənmək olar.