...

...

19 Aralık 2014 Cuma

Oşonun ''Zəka''sından sonra qısaca məğz




Zəka – sənin içindəki işıqdır.

Bir uşaq doğulur. Ona qorxunu öyrədirsən.Qorxu pas kimidir – bütün zəkanı  məhv edir. Tarixlərlə,insanlarla, cürbəcür axmaqlıqlar  doldurursan beynini. Məsələn,İngiltərəyə  hansı kralın hansı tarixdən haçanacan  hökmdarlıq etməsini  bilmək bir uşağa nəyə lazımdır ki?  Bütün uşaqlar zəki olaraq doğulur,biz onu axmaq etmək  üçün əlimizdən gələni əsirgəmirik. Çünki zəka siyasi,cəmiyyət və din həyatı üçün olduqca ciddi təhlükədi. Çox az adam universitet həyatından qaçmağı,gizlənməyi,ya da onu bitirdiyi halda zəki qlmağı bacarır. Çünki universitet sənin zəkanı məhv etməyə proqramlaşdırılmış bir sistemdir.Təhsil sistemi rəqabətçi olmamamalıdır. Kim nəyi sevir və bacarırsa onunla məşğul olmalıdır. Bu dəqiqə bütün dünya alt-üst vəziyyətdədir. Müəllim olmaq istəyən həkim olmuş, həkim olmaq istəyən ticarətlə məşğuldu.Hər kəs bir başqasının işini görür.
Yaxud uşağa yatması üçün layla oxuyuruq. Səhər tezdən də yuxudan oyatmağa cəhd edirik. Və uşaq özlüyündə düşünür – bu insanlara nə olub belə?  Bizə onun yatmağı lazımdı,çünki başqa işlərimiz var.
Yuxu gəldiyi vaxt yatılmalıdı – zəka budu.Zəka bunu sevir.Bizsə uşaqların zəki qalmasına izin verə bilmirik. Çünki zəki olsalar daim incidiləcəklər, aşiq olacaqlar, dövlətdə, dində,təhsildəki yanlışları görəcəklər,fərd olacaqlar,cəmiyyətdən qopacaqlar. Cəmiyyətinsə  onun qullarına ehtiyacı var.
İsa peyğəmbər deyir :  ‘’kiçik uşaqlar kimi olmadıqca sizə ümid yoxdur’’.
Zəki insan  acgöz deyil, sabah üçün nələrsə yığıb saxlamır,çünki zəkasına güvənir,sabah düşə biləcəyi vəziyyətdən çıxış yolları tapa biləcəyinə arxayındır.Zəki biri əsla mümükünsüz üçün savaşmaz,o perfektsionist deyil,idealçılıq nevroz əlamətidi.Zəki biri mütləq sevgi və sədaqət ardınca qaçmır. Çünki özünün başqa birindən xoşu gələndə qarşısındakı insanın da onun kimi eynilə bir başqasını bəyənə bilmə ehtimalını anlaya,dərk edə bilir.Zəka risqi sevir,zəka öz varlığına güvənə bilmək deməkdir.Zəka -  həyəcandı,macəradı,coşqudu.Zəka keçmişə ilişmədən,gələcəyi düşünmədən indi yaşaya bilmək istedadıdır.
Sevgi dolu bir zəka – bax bu sənin ehtiyac duyduğun bir şeydi. Bir şair sevgiyə sözsüz ki bir filosofdan daha yaxındı.Filosof  sanki qapının arxasınd dayanıb və o qapıdan içəridə nə baş verdiyi haqda fəlsəfə yürüdür, şairsə o qapının o tərəfində sevgini yaşamaqdadı.
Intellektual olmaq –saxta olmaq deməkdi. İntellekt özünün qazana biləcəyin bir şeydi.Zəka sənə hədiyyə edilmişdir.İntellektual amma zəki olmayan biri  ağaclar kimi yaşıl,quşlar kimi coşqulu deyil.Nədən ? – çünki o daim başqası olmağa çalışır,özü kimi olmaq istəmir.Əgər sən bütün həyatını beynindən ibarət biləcəksənsə,heç bir zərifliyi,Tanrısallığı,şeirsəlliyi,sevgini duya bilməyəcəksən.
Ürəyinlə yaşayıb,zamanı gəldikcə beynindən istifadə edə bilmək bacarığı – zəka budur.
Zəka – bəsit ola bilmə bacarığıdır. Zəki olmayan biri daim Buddadan,Şopenhauerdən,İsadan sitatlar gətirəcək.Zəki insan isə öz baxış bucağına güvənə biləndi.
Zəki olmayan biri daim başqalarına hörmət edəcək,zəki insan isə ən əvvəl özünə.Əgər insan özünə hörmət edə bilmirsə bütün başqalarına etdiyi hörmət saxta olacaq və içərilərdə bir yerdə köklərində kin,nifrət gizlənəcək.
Şeytan  Həvvaya ilk dəfə o ağacdan meyvə dər deyəndə, ona zəkasından istifadə şansı verdi. Şeytan bu mənada insanlığın ilk hamisi sayıla bilər.O olmasaydı bu günkü insan nəsli törəməzdi bəlkə də. Şeytan ilk inqilabçı insandı deyə bilərik.
Hər şey içində nələrisə basdırmaqdan yaranır. Bütün nevrozların da kökü burdan gəlir. Əgər sənə  seks haqda düşünmək  qadağan edilirsə,sənin bütün həyatın onu düşünməklə keçəcək.
Bütün insanların içində mağara dövründən qalma qaranlıq qorxusu var. Və bütün dinlər bu qorxudan istifadə edib insanı yönləndirə bilir.İnsan özünə güvənmir və özündən güclü nəyinsə parçası olmağa can atır,dinlər,ideologiyalar,liderlər arxasınca qaçır. İnanan biri əsla öyrənə bilməz.İnanmaq o deməkdir ki, bu belədi,sən niyəsini düşünmə.Bunu belə qəbul et.Fikirlərlə oynama,İsa o suala cavab tapdı,Budda bu haqda belə düşünürdü. Zəki insansa  sual verir. Niyə? Və öz niyəsinə öz cavabı olur.
İnsanlarsa həqiqəti axtarmaqdansa, həqiqəti biləni axtarırlar. Onun deyəcəklərinə inanıb,rahat ola bilirlər.
Hər şeydə bir bəlkə olmalıdır.Bayquş gecələr  görür ,sən  gündüzlər. Sənin gündüzün bayquş üçün gecədir.Ona görə də dəqiq heçnə yoxdu
Mahavira Eynşteyndən 25 yüz il öncə bir üsul kəşf etdi.Onun fəlsəfəsi ‘’bəlkənin fəlsəfəsi’’ adlanır.Heç bir suala dəqiq,konkret cavabı olmurdu,insanları böyük bir naməlumluq içində qoyurdu. Və təbii ki onun ardınca gedənlər çox-çox az idi. Çünki insanlar həmişə dəqiqlik axtarır.Ona görə də insanlar Adolf Hitlerə inanırdı.
Və zəki insan  düşüncənin sərhəddlərinə yaxınlaşa biləndi. Zəki insan sərhədlərin yalnız xəritə üstündə mövcudluğunu , torpaq üstündə olmadığını anlaya biləndi.
Sənin xristianlıq,müsəlmanlıq,kominizm,sosializm kimi nələrəsə aid olma ehtiyacın yoxdu,tarix ona görə təkrarlanır ki,insanlar keçmişdə ilişib qalır,keçmişi təkrarlayırlar.
Sən zəkisən. Bütün inanclardaan, -izmlərdən,qorxulardan,qaranlıqdan arınıb içindəki işığa tutuna bilirsənsə, cəmiyyətdən uzaqlaşıb,tək başına varsan demək.
Və sən medalyonun iki üzündən biri olma əvəzinə  üçüncünü seçmisən – özün olmaq.

QEYD:   Oşonun  bu fikirləri əslində biraz Freydi,biraz nisbilik nəzəriyyəsini  xatırladır. Və əgər Oşo zəki insan hamını və hər şeyi boş verib,öz düşüncələrinə,içindəki işığa tutunmalıdır deyirsə, onda ən birinci elə onun özünü niyə boş verməyək ki ? hansısa –izmi,dini,ideologiyanı,kiminsə düşüncələrini rədd etməlisiniz deyirsə,elə onun özünü də bu siyahıya niyə salmayaq ki?

18 Aralık 2014 Perşembe

Depressiyadan sonra Tolstoy yaxud Hz.Məhəmməddən sonra İslam





‘’Oxuduğum,yaşadığım,yazdığım o qədər şeydən sonra içimdə böyük bir narahatçılıq, dəhşətli boşluq hissi hökm sürürdü. Hər şeyin faniliyinin və mənim də ölümlünün bir parçası olduğum gerçəyini dərk etmişdim.Belə idisə onda mən niyə var idim? Mənim var olma səbəbim nə idi?
Dini mətnlərə üz tutub araşdırmalar aparsam da,əlimə tutarlı cavab keçmirdi. Bütün bu inanclar ancaq ölüm döşəyində peşmanlığını dilə gətirən bir xəstəyə təsəlli ola bilərdi.
Daim bir şeyi düşünürdüm – həyatıma bir güllə ilə son verim ya bir kəndirlə?  Amma heç cürə intihara cəhd edə bilmirdim. Qəlbimsə hüzünlü bir  duyğu ilə dalğalanırdı. Bu duyğuya bir ad vermək məcburiyyətim varsa, buna ‘’Allahı arayış’’ deyə bilərəm. Və bu düşüncə ilə ilə yox,duyğu ilə dərk edə bilmək istəyi idi. Bu bir qorxu,tərkedilmişlik,yalnızlıq hissi idi. Dünyanın orta yerində hansısa naməlumdan kömək ümidi idi.
Allahın varlığını isbat etmənin mümkünsüzlüyünü bilirdim. Kant bu mümkünsüzlüyü isbat etmişdi və mən də  inanmışdım . Amma hər şeyə rəğmən mən onu axtarmaqda davam edirdim.
Şopenhaueri və Kantı bir kənara itələdim.Mən vardım və bunun səbəbi Allah idi.
O naməluma dualar edir,kömək istəyirdim və o səsimi eşitmədikcə də yoxluğuna inanmağa başlayırdım. Daim ölür və dirilirdim. Görürdüm ki,mən yalnız Allahın varlığına inandığım  zamanlarda var ola bilirəm,qalan bütün vaxtlarda həyatla bağlarım qopurdu.Onu tapacağıma dair xırdaca bir ümidim olmasaydı yəgin ki, intihar etmiş olardım.
Birdən sanki özümü bir qayıqda axınla üzən gördüm. Çevrilib geri baxdım və orda sahil vardı.hansı yönə üzməli olduğumu dərk etdim,kürəkləri axına qarşı çəkməyə,sahilə yanaşmağa başladım.
Sahil – Allah , bütün hər şey isə ona çatmağım,onunla birləşməyimçün idi’’   - bunlar Lev Tolstoyun əlyazmalarından tərcümələrdi və dahi yazarın İslam dini ,Hz.Məhəmmədlə tanışlığına qədərki  dövrü əhatə edən zamana aiddi.O sahilə-Allaha İslam dininin peyğəmbəri Hz.Məhəmmədin hədislərini oxuyandan sonra çatdığını etiraf edir.
İlk tanışlığı   hindistanlı alim Abdullah Əl-Sührəverdinin  ‘’Həzrəti Məhəmmədin hədisləri ‘’  kitabı ilə başlamış, bu kitabdan  seçib topladığı hədislərdən ibarət kitabı 1909-cu ildə rusiyada digər əsərləri ilə birgə yayımlamışdır. SSRİ dövründə yazarın digər kitabları təkrar nəşr edilsə də  bu kitab nəşrə getməmişdi. SSRİ yazarın böyük bir oxucu kütləsini nəzərə alaraq onun İslam sevgisini ciddi-cəhdlə gizlətməyə çalışırdı.Sovetlər dağılandan sonra rusiyada kitab 1990-cı ildə  rus dilində   ‘’Həzrəti Məhəmmədin Qurana daxil olmayan hədisləri ‘’ adı ilə   nəşr edildi.
Tolstoyun həkimi olmuş Slovak əsilli Duşan Petroviç  Makovitski 1979-cu ildə 4 cilddə ‘’Yasnapolyana qeydləri  ’’ adı altında Moskvada  nəşr edilən    ‘’1904-1910-cu illərdə Tolstoyun yanında‘’  adıyla yazdığı böyük həcmli kitabda  Aəzbaycanlı bir adamın həyat yoldaşı olan tatar qadının dahi yazara ünvanlanan məktubundan və ərim müsəlman,mən xristiyanam,övladlarım müsəlman ola bilərmi sualından söhbət açır.Həmin qadın azərbaycanın ilk hərbi topoqrafı olmuş İbrahim ağa Vəkilovun həyat yoldaşı Yelena Yefimovna  Vəkilova idi. Onun 2 mart 1909-cu ildə yolladığı məktubuna və sualına cavab gecikmir, Tolstoy 15 mart 1909-da cavab məktubunda qeyd edirdi :  ‘’Məhəmməd hər zaman xristianlardan öndədi və onun dini bir xaça ibadət etməkdən qat-qat üstündü.O özünü Allah saymır və özünü Allahla bir tutmur.Müsəlmanların Allahdan başqa ilahı yoxdu və Məhəmmədin də onun rəsulu olduğuna heç bir şübhə yoxdu ‘’. Bu məktubun əsli Yelenanın oğlu Faris tərəfindən 1978-ci ildə Moskvada Lev Tolstoy adına muzeyə hədiyyə edilmişdir və hazırda da bu muzeydə sərgilənir.
Məktub Azərbaycan mətbuatında ilk dəfə 1978-də Azərbaycan jurnalında azərbaycan və rus dillərində yayımlanmışdır.
İslamı qəbul etmiş rus vətəndaşı Valeriya Forohova adlı   Quranı rus diinə çevirmiş  qadın  Tolstoyun ömrünün son zamanlarında İslamı qəbul etdiyini və İslami qaydalarla dəfn olunmaq vəsiyyətini iddia edirdi. Buna sübut kimi yazarın qəbrinin üstündə xristianlığı təmsil edən xaçın olmamasını göstərirdi.
Və Tolstoy etiraflarının birində ərəb-fars dilini bilmədiyi üçün İslamı rus missionerlərdən öyrəndiyini də qeyd etmişdir.
Tolstoy etiraflarına əsasən onun düşdüyü ağır boşluq , fanilik duyğusundan İslama,Hz.Məhəmmədə sığınmaqla azad olduğu qənaətinə gəlmək olur. Onun haqqı həqiqətən tapa bildiyini yaxud o yaşda özünü bunlara dayanmaqla ovudub,təsəlli etdiyini söyləməksə  çətindi.

Qeyd :  Mənbə kimi Karikatur yayınlarının 2005-ci il  _Lev Tolstoy_ Hz.Muhemmed adlı nəşrindən  istifadə olunub.

16 Aralık 2014 Salı

Asperger sindromlu uşaqlar və sonrakı həyatları

                                                              


İlk dəfə ingilis psixiatrı Lorna Uinq  tərəfindən müəyyən edilən     avstriyalı  psixiatr və pediatr Hans Aspergerin şərəfinə  Asperger sindromu adlandırılan   autistik psixopatiya halı  Bethoven, Motsart, Eynşteyn, İmmanuel Kant , Corc Oruel, Benjamin Franklin, Bill Geyts, Vudi Allen və  Mikelancelo  kimi  dühaların  ortaq probelmidi.  Sindromu təyin etmək çətin məsələ olduğu üçün adətən erkən yaşlarda aşkarlana bilmir və müəyyən yaşdan sonra bu diaqnoz təsdiqlənir. Çox vaxt da bu sindrom Autizmlə səhv salınır. Autistiklərdən fərqli olaraq bu cür uşaqlarda zehni inkişaf zəifləmir,geri qalmır,əksinə demək olar ki, əksəriyyətində  yüksək inkişaf etmiş zəkaya rast gəlinir.və özlərinə qapılmaq əvəzində bu uşaqlar cəmiyyət həyatına uyğunlaşmağa  cəhd edirlər. Əsas üç əlaməti :
       -          duyğuların ifadəsində  çətinlik
       -          empatiya qurmaqda çətinlik
       -          sözlərin məcazi mənasını anlamaqda çətinlik
Bu cür uşaqlar ətrafdakılarla münasibət qurmaqda çətinlik çəkir,sözlərin yalnızca  birbaşa mənasını  anlayır,zarafatları başa düşə bilmir,danışıqlarında jestlərdən,mimikadan istifadə etmədən,monoton olurlar. İnsanlarla göz təması qurmaqdan qaçırlar. Qarşısındakı insanı dinləmək əvəzinə uzun-uzadı öz maraq dairələrində olan mözudan danışa bilirlər. Çox vaxt kolleksiya toplamağa meyl edirlər,nəyləsə maraqlanarkən  bilgiləri ancaq dar çərçivədə,olduqca çox toplayırlar. Məsələn fotolar,mexanizmlər filan haqda maraqlanmadan yüzdən artıq fotoaparat markası  əzbərləyə bilərlər.
Texniki sahədə,riyaziyyatda xüsusi istedadlı olurlar,ümumiyyətlə çoxunda hansısa xüsusi qabiliyyət,istedad olur.Rəqəm yaddaşları olduqca güclü olur,bu cür uşaqlar hətta bir il əvəl  danışılan söhbəti olduğu kimi xatırlayıb nəql edə bilərlər,xırda detallara qədər. 
Hər gün eyni yolla,eyni avtobusla getməyə üstünlük verir,yaxud getdiyi yol boyunca bütün elektrik dirəklərinə bir-bir əl vurmaq kimi adətləri  olur.
Çox vaxt  bircə nəfərlə dostluq edirlər və bu adam da adətən özləri kimi biri olur.
Sindrom  geniş öyrənilməmiş və səbəbləri haqda  dəqiq məlumat yoxdur. Lakin ətraf mühitin zərərləri faktorları,beyin zədələnmələri,doğuş travması,erkən yaşda keçirilmiş  xəstəliklərin sindromun yaranmasına  birbaşa əlaqəsi olduğu düşünülür.  Sindromun genetik ötürüldüyü   fikri  də irəli sürülmüşdür və  bu sindroma  oğlanlarda qızlara nisbətdə 8 dəfə çox rast gəlinir.
Sindrom bütün həyatı boyu insanı izləməkdə davam edir.
Əgər  uşaqlarınızda belə əlamətlərə rast gəlimizsə  sindromdan şübhələnə bilərsiz. Məncə o qədər də çox narahat olmayın bəlkə də ailənizdə yeni bir Eynşteyn  ya da Vudi Allen yetişir ?














15 Aralık 2014 Pazartesi

'' kəpənək filosof''un yuxusundan sonra Kafkanın ''Çevrilmə''si



‘’Bir gün yuxumda qəşəng bir kəpənək olduğumu gördüm. Yuxudan ayılandan sonra düşünməyə başladım – görəsən, mənmi  yuxuda kəpənək olduğumu görürəm,yoxsa kəpənək öz yuxusunda mən olduğunu görür ’’  ?
Kafkanın  Çevrilmə əsərini oxumağa başlayan kimi ‘’kəpənək filosof’’ -  Taoçuluq təliminin öncüllərindən biri sayılan Zhuangzinin bu  fikirləri düşür  yadına.Zhuangzi  ‘’mən yuxumda mənim varlığımdan xəbərsiz bir kəpənək olduğumu görə bilirəmsə,bəlkə elə mən də  o kəpənəyin yuxusu  ola bilərəm’’  deyə düşünürdü.
Taoçuluq təliminin əsaslandığı prinsiplərdən biri də budu -  böyük bir oyanış  var və o oyanışda insan böyük yuxunu anlayır. Cahillərsə bu yuxudan əsla ayıla bilməyənlər,ömrü boyunca bir çoban,bir müəllim,bir insan olduğundan əmin halda  yaşayanlardı. Sən də,mən də,onlar da yuxudayıq,röya görürük və hətta mənim bunu sənə deməyim özü də bir röyadı...
Uzun müddət sədaqətlə  sizə xidmət edən bir qulluqçu düşünün. Bir səhər ayılıb onun hər gün etdiyi işlərin – süfrəni qurmaq,səhər yeməyi hazırlamaq,çay dəmləmək – bu gün heç birini etmədiyini  görsəz necə də təəccüblənər,narahat olarsız,deyilmi?
Yaxud bir molla bir səhər oyanıb minarədən səhər azanı oxumaq əvəzinə  qamışdan bir tütək düzəltməyə çalışdığını görən insanlara ‘’daha ibadət etməyəcəm,bundan sonra tütək  düzəldəcəm’’  deyərsə,adamlar ona necə baxar? Sözsüz ki , onu tək,yalnız qoyub çııxıb gedər hamı bir-bir.
Ən sadə misal,ən sevdiyi yeməyi bişirib  süfrədə onu  gözləyən xanımına  axşam evə gəldiyində ‘’mən daha bu yeməyi sevmirəm deyən’’ adama zillənən təəccüb dolu gözləri görə bilirsizmi?
Yaxşı, başqa bir şəkil çəkim. Ortabab bir maaşı olan işdə işləyən bir kişi bir gün qəzaya düşür.  Onurğa sütunundakı zədələrə görə bədəni hərəkət etmə qabiliyyətini itirir. Fərz edək ki, hətta danışa da bilmir.
Və o adamın qəzadan sonrakı həyatı:  əlil arabasına öyrəşmə cəhdləri,hərəkətsizliyə,danışa bilməməyə öyrəşməsi...hansı vəziyyətdə çarpayıda necə uzansa daha yaxşıdı...yavaş – yavaş özünü yeni vəziyyətdə tanıması... Eyni zamanda həm ailənin içində olması həm də kənardan doğmalarını seyr etməsi...
Adama elə gəlirdi ki, o olmasa ailəsi məhv olar,problemlərlə başa çıxa bilməz. Amma indi baxır və görür ki, hamı özünə nəsə uyğun bir iş tapıb və ailə əvvəlki kimi həyata tutunur. Bir problem onun indiki halıyla varlığıdır. Yəni bu qədər problemin arasında bir də üstəlik şikəst bir adama qulluq etmək. Və sən doğmalarının səndən yavaş-yavaş necə bezdiyini görürsən günbəgün. əvvəl sevgiylə görülən işlər vaxt uzandıqca mərhəmətə,ardınca da məcburiyyətə,bezginliyə çevrilir.Artıq sənin yaşadığın hər gün işəncə kimidi onlarçun və sənin ölümünü arzulamaqdan bircə şeyə  görə çəkinirlər – sən onların doğmasısan. Ya da haçansa belə olmusan. Sən bunları dərk etdikcə yavaş-yavaş ölürsən. Özünün bir böcəkdən ,arxası üstə çevrilib eləcə qalan bir böcəkdən elə bir fərqin olmadığını görürsən. Yavaş-yavaş böcək qədər əhəmiyyətsiz olduğunu və elə sonda da bir böcək kimi bəsitcə öldüyünü görürsən.
Kafkanın  Zamzasının   taleyinin  bizim hekayədəki adamın taleyindən nə fərqi var ki? Kafka da  belə bir  adi məişət problemini təsvir etməyibmi elə?

‘’Çevrilmə’’ -  bir səhər oyanıb tütək düzəltməli olduğunu anlayan mollanın,daha qulluqçu olmadığını dərk edən xidmətçinin,bir axşam evə qayıdınca daha bu yeməyi sevmədiyini söyləyə bilən  adamın,eyni zamanda da əlil arabasında evin bir küncündə nəfəs alıb-verməklə məşğul olan bir insanın  hekayəsidi. Çevrilməsidi. ‘’Böyük yuxu’’dan oyanışı,’’böyük röya’’nı dərk etməsidir.
Və əsəri  kölgə kimi izləyən bir fikir  – bir böcəyin də ən az insan qədər bilinçli ola bilmə ehtimalı da  ‘’kəpənək filosof’’un yuxudan sonrakı düşüncələrinin eynisidi elə .

Və Kafka bu hekayəsində  davam etdirdiyi modernizm  ənənələri,üslub və texnikanın arxasında bunları yaxşı mənada ‘’gizlədib ‘’ .


13 Aralık 2014 Cumartesi

Türk şairəsi Birhan Keskinin şeirlərindən tərcümələr


Birhan Keskin



Pinqvin

Mənə  arxanı çevirmə, pinqvin
Sənə bənzəyirəm bilirəm
içindəki küləyə   ...

mənim də
 içimdə gizlətdiyim
buzlu sahillər ,qışqıran xatirələr var
pinqvin,
mən də sənin qədər qaçqın və yaralıyam ..

cızdım sənin ağ və yumşaq yerini
məni kim bağışlayacaq, pinqvin?

bir yanım dümağ işıq – kor edir
bir yanım –zəhər gecə .
parktakı yelləncəyə minə bilmədim  bu gün mən də ..

mənə  arxanı  çevirmə, pinqvin
unutmadım aramızdakı naməlum dili

dünya yordu bizi
deyə bilmədiklərim var mənim də
heç deməyəcəm onları bəlkə də  ..


uzun biryol gəlirik səninlə
və yol gəldikcə anlayıram ki,
biz dünyanın üstündə gəzə bilmirik heç .

əlimdə tutduğum incə metalla
cızdım sənin ağ və yumşaq  yerini
məni kim bağışlayacaq, pinqvin?..


*******

Dünya görsün indi
Bəmbəyaz dünya
Yoluna baş qoyub
Qan qusanı .

*******

Uşaqlıqda kəsilən saçlarımı
Geri istəyirəm bərbərlərdən
(anamdan küsdüyüm üçün) .

Biraz qaçıb
Qanadıb üzümü,dizlərimi məktəbin bağçasında
Təkrar qayıdaram yenə

Böyüklərə  aid şeylər də danışarıq səninlə
Istəsən ...

*******

Çox yoruldum
Şəhərə və sənə  dayanmaqdan
Nə sənə əsəbiyəm,nə də başqasına
Üstəlik
Gecədən Merilin Monro
Və sənin göz yaşın keçdi
Gəl, barışaq.....

*******

Niyə qışı bu qədər çox sevdiyimi
Və niyə hər şeyin bir sonla nöqtələndiyini soruşma
Mən də bilmirəm.

Xatirəlik bir şeyim də yox
Hər şeyin dünənindəyəm.

8 Aralık 2014 Pazartesi

''Kış uykusu''ndan sonra


Indiyəcən kinoteatrda cəmi bir filmə axıracan otura bilmişəm ki, onda da yatmışdım,qızlar  oyatdılarki, gedirik.evdə də çox film izlədiyimi desəm yalan olar.Filmləri  sevməyən  (komediyalar istisna olmaqla)  biri kimi  yaxşı bilmədiyin (heç bilmədiyin deməyi özümə sığışdırmıram) mövzuda nəsə yazmaq həyəcan vericidi.
Film başlayandan bitənə  qədər beynimdə dumanlı bir sarı  rəng   dolaşdı.
Çılpaq qayaların arasındakı bomboz bir dünyanı  qarın yağması da gizlədə  bilmir.  Eynilə ssenaridəki  şablonları  qəhrəmanın bütün ruhuyla içinə girməyə çalışdığı obrazın gizlədə bilmədiyi kimi.
Filmdə hadisələrin cərəyan etdiyi yer olduqca  yaxşı düşünülmüşdü. Yəni bir sənət adamından(sənətçi desəm  oxuyan  tayfasını andıracağından qorxdum) bəhs edirsənsə onu  ən ideal bu mühitdə təsvir edə bilərdin. Amma o otel, o cür yaşayış şərtləri  içində uğurlu, ciddi  nəsə yaza bilmək məncə mümkünsüzdü. O təbiətə rəğmən mümkünsüzdü. Sən orda  ən yaxşı halda imamın palçıqlı ayaqqabılarına baxıb din adamlarının  səliqəsizliyindən şikayət edə bilərsən ki, qəhrəman da elə bunu edirdi və hansısa prestijli qəzetə yox, oxunmayan qəzetlərdən birinə yazmaq  da özünüaldatmaq və gizlənmək cəhdidi. Yəni  öz-özünə etiraf edə bilməyin şeylərdən gizlənmək cəhdi. Bunu filmdə adamın iddiasızlığı, ya kaprizi filan kimi  bizə  yedirmək cəhdləri uğursuzdu. Bunu qəhrəmandan gizlətmiş ola bilər sayın Ceylan, ama ‘’bizdən qaçmadı’’ .
Istər qadınlarla olan dialoqlarda onlara qarşı soyuq səbri ilə,əsəblərinə hakim olan görünüşü,şərabı sevməməsi, ya da ən xırda detal – yazı stolunun  üstündə  film boyu bir neçə dəfə  gördüyümüz şam qozaları  ilə sənətçi  abu-havası,   xarakteri, qəribəliyi  yaratmaq istəyinə  nail olur demək olar.
Gənc qadınla dialoqlar bir növ keçmişlə indinin intriqası, soyuq savaşı,dondurulmuş sülhüdü demək  olar.qadın indiyəcən öz gücünə heç nə əldə edə bilməyən insanın boşluqda  özünü ovutma  cəhdlərini tərənnüm edir.və onu  ayrıca filmdən  ayrıca obraz kimi  götürsək uğurlu alınıb . amma filmin içində  sadəcə olaraq şablonlardan biridi.  Necə ki o pulu  verir, kişi odda yandırır    oğlu qapının arxasından bu səhnəni görür.Əgər uşaq məhz bu hissədə,orda qapının arxasında bayılsa idi, bəlkə də şablonluqdan xilas etmək olardı həmin kadrı.
Və qəhrəmanın bacısıyla dialoqları – mübahisələri. Bu iki adamdan çox bir  nəfərin öz iç səsiylə danışmasını, davasını xatırlatdı mənə.bacısı və gənc həyat yoldaşı ilə mübahisələr  şəklində film bizə ancaq görüntünü verir, nəsə demir, bizi başlı-başımıza xaosun içinə ötürür,hansını istəsək onu ‘’ əsas adam’’ kimi hesaba alma şansı verir. Yeganə sevdiyim tərəf bu oldu.
Və bir detal daha – məktəblərin pis vəziyyətdə olduğunu, evlərində kirayə qalan adamların  çətin vəziyyətdə olduğunu bilə-bilə onlara yardım haqında düşünməyib,hansısa kənddən emailinə  məktub göndərən oxucuya mək etmək istəyi  insan eqoizminin dərəcəsindən xəbər verir. Bəli, o kömək istəyinin bircə açıqlaması, səbəbi var- o məktubu oxucular yazmışdılar, hansıki onun yazılarını  sevdiklərini,izlədiklərini qeyd edirdilər. Yəni  burda tələyə düşür sənətçi adi adamlar kimi. Onun hamıdan biri olduğu reallığı gün işığına çıxardılır.
Ümümilikdə  film o təbiət,o qəhrəman və bacısıyla  dialoqlardan ibarət olsa idi  mənə elə gəlir ki,bizi daha çox sual ötürə bilərdi. Şablonlardan xilas etmək  olardı  filmi. Atı  açıb qayaların arasına ötürməklə, ya da sonda gedə bilməyib qadının yanına qayıtmaqla ki,bu hissə sanki məhz ssenaristin öz qadınına jesti kimi düşündüyü bir detaldı  elə ciddi suallar verə bilmedi  Ceylan.
  Bütünlüklə  o adamın həyatı  - getmək  və geri dönüb davam etmək qərarı  qış yuxusu idi. 

Filmdən sonra məni bircə sual düşündürür – film boyu  beynimdə dolaşan  sarı  duman nə idi?  Bəlkə elə Ceylanın sualları  idi ?



birinci

bu gündən etibarən oxuduğumuz kitblar, baxdığımız filmlər,gördüyümüz insanlar,yaşadığımız hadisələr sonrasındakı düşüncələrimizi  burda bölüşəcəyik . ümid edirəm ki, maraqlı  nələrsə olacaq :)