...

...

29 Temmuz 2015 Çarşamba

Oxucu notu - Valter Vitmən

                                                                                         Ağrıları paltar kimi geyinirəm əynimə
‘’necəsən’’ deyə soruşmuram yaralı əsgərlərdən
                                      onları görəndə
                                               mən də yaralanıram.
                                          Və bütün bunları
                                            qayıq gözləyərkən
                                                                           vaxt öldürməkçün  yazmıram sahildə ...



O nə Fernando Pesoa kimi onlarla uydurma imzanın arxasında özünü gizlətmir,nə Emili Dikonson kimi özünü bir otağa qapadıb rahatlığ axtarmır,nə də Artur Rembo kimi sevgilisinin ölümündən sonra şeiri tərk  etmir.Valt Vitmən  yaxud Valter Vitmən – bu amerikalı şair özünü səs-küylü küçələrin,yamyaşıl təbiətin,əsl həyatın içinə atıb qışqıra-qışqıra öz nəğmələrini oxuyur və fikrimcə əsl şair həyatını da o yaşayırdı.
Nyu-Yorkda doqquz uşaqlı bir ailədə doğulan şair  11 yaşında məktəbi atıb,dülgər atasının emalatxanasında işləməyə başlayır.Gəncliyində dülgərliklə yanaşı jurnalistika və mətbəəçiliklə məşğul olan  amerikalı iki ilə yaxın bir müddətdə hərbi xəstəxanada əsgər xidmətçisi kimi işləyib və ömrünün sonunacan köçüb yerləşdiyi Nyu-Cersidə yaşayıb.
Ilk şeir kitabı (Leaves of Grass) 36 yaşında çap olunmuş,lakin 94 səhifəlik bu kitab ona şöhrət gətirə bilməmişdi.Təkcə R.V.Emerson ona yazdığı məktubunda şeirlərini və tərzini çox bəyəndiyini söyləyirdi.Emersonun məktubu ilə ruhlanan Vitmən bir il sonra kitabı səhifələrini 384-ə qədər artırmaqla yenidən nəşr edir.
Amerikada ‘’demokratiyanın şairi’’ hesab edilən Valter ‘’amerika özü büsbütün bir şeirdir’’ deyir,hərdən də onun sənayesindən,gücündən narazılığını yazırdı.R.Ş. ‘’Böyük yazarların gizli həyatları’’ kitabında Valt Vitməndən danışarkən onun biseksual olduğunu və ən böyük sevgisinin ABŞ prezidenti A.Linkoln olduğunu deyir,şeir yazmadığı və ya Linkolna olan hisslərini kağıza köçürə bilmədiyi vaxtlarda isə ən sevimli məşğuliyyətinin hamam vannasında içki içərək bağıra-bağıra mahnı oxumaq olduğunu qeyd edir.
Şekspirdən,Tövratdan,italyan operalarından,Homer,Dante,V.Skot və Emersondan bəhrələnən şairin şeirlərində heç kim yoxdur əslində.Onu oxumaq şehli otların arasıyla kəpənək ardınca qaçmaq kimidi.Tam tutdum deyərkən barmaqlarının ucundan uçub gedən rəngli,qəşəng bir kəpənək görürsən.Bəli,Valter şeirlərlə oynayır.Lakin bu birinin özünü hansısa rola sığdırıb qurama şair obrazının içinə yerləşmək cəhdi deyil,bir uşağın rəngbərəng böcəklərlə oynaması qədər saf,məsum,sadəcə ‘’canı istədiyi’’ üçündü.
‘’Əsər dolğun olmaq məcburiyyətində deyil,oxucu özü dolğun olmalıdı’’ deyən şair bu fikri ilə yepyeni bir ədəbiyyat çağırışındaydı.Valter yenilikçi şair idi.O yeniliyi yenilik etmək naminə yox,yeniliyin qaçılmaz olduğu üçün sevirdi.Bu  amerikalının şeirlərində səs-küy,küçə musiqiləri,rəqs edən ayaqqabıların tıqqıltısı,yağışlı küçədən keçən islaq addım səsləri,isterik qadın çığırtıları,uşaq sevincləri,yaralı əsgərlərin zarıltıları – hər şey var.Həyatda hər şey necədirsə şeirdə də eynilə o cürdü. Valter həyata küsmüş,həqiqəti dərk etmiş şair,ya da aydınlanmış filosof kimi danışmır bizimlə,təbiəti,real həyatı və real insanı təqdim edir.’’Tanrının sözlərini qulaq ardına vurub,təkcə təbiəti müşahidə etməklə də əsl həqiqətə çatmaq olar’’ deyən şair fit çala-çala nəğməsini oxuyur və keçir – istiqaməti,hardan gəlib hara getdiyini özümüz aydınlaşdırmalıyıq.
Valter bizə zəngin bir süfrə açır.Bu süfrədə maddə və ruh,elm və metafizika,müqəddəs kitaba göndərmələr,transdentalizm – nə axtarsan var.Onun dünyasına enə bilmək üçün reallıqdan qopmağa gərək yoxdur.Sən göydələnin hansısa mərtəbəsindən aşağı boylanırsan və o orda,aşağıdan yuxarı sənə əl eyləyib bayıra səsləyir – düş gəl,həyat burdadı.Səsini eşitmirsən bəlkə amma aşağıdan keçib gedən kiçik insan qaraltısını görürsən.
73 yaşında vəfat edən şair indiyəcən tanıdıqlarımın arasında insana ən yaxşı bələd olanıdır deyə bilirəm əminliklə.Və onu oxuyanda tanıdığın bütün şair obrazları – özünü bir otağa qapadıb illərlə ağrı çəkmək,alkoqol və heroinlə özünü zəhərləmək,heç nəylə barışa bilməyib intihar etmək,insanlığı düşünüb təəəssüflə baş bulamaq,tərk edilmələrin ağrısını yaşamaq,dünyanı bombalayanlara lənətlər yağdırmaq,azadlığa səsləyən şeirlər çığırmaq,insani duyğuların gətirdiyi ‘’anlayıb ağrımaq’’ – hər şey dəyərini itirir.
O  sadəcə yaşayırdı,milyardlarla insan kimi.Və acısı da şair acısı yox,adi,sıradan birinin ağrısıyla eynidi.Valter şairlə insan arasındakı bütün pərdələri söküb dağıdır.Bütün qaranlıqlar əriyir və gün işığı gözlərini qamaşdırır...