...

...

28 Ocak 2018 Pazar

... içində boğulduğum qadın ...



Bir qadın özü öz saçlarını kəsməklə barışır hər şeylə...

Hərdən öz səsini də unutmaq istəyir adam.
Bu boyda şəhərdə, bu qədər insanın arasında, hay-küydə, maşın səsləri, külək vıyıltıları arasında təkcə öz səsin səni narahat edir. Hər şeyin və hamının səsindən necəsə qurtulmaq olur. Amma öz səsin...
Minlərlə pıçıltı, deyinmə, giley-güzar, qışqırıq arasına qoşulub ərimək, itmək, unudulmaq...
 Bizə sevməyi öyrətməmişdilər. Özümüzü ora-bura vura-vura, yıxıla-yıxıla, ağrıya-ağrıya addım-addım, parça-parça öyrəndik. Dünyanın ən gözəl hissi bizi incitdi. Qorxutdu. Biz hamımız bəlkə də elə sevmədyimiz insanların yanında tanıdıq bu duyğunu. Bəlkə də ona görə dəqiqliklə bir hissə "bu sevgi deyil" deyə bilirik... sonra da başqa bir yerdə "görəsən budurmu sevgi?" - deyə düşünürük. Biz sevgiylə üzləşməyə hazır deyilik bəlkə də. Çünki onunla necə davranmalı olduğumuzu öyrənməmişik hələ . (Ona gülümsəyib "heyyy, sevgi, bu mənəm" demək istərdim)
 Küləyində saçlarımızı qurutduğumuz bu şəhərin oyandığımız hər səhərinin axşamı eyni təəssüf, eyni yorğunluqla çökür çiyinlərimizə. Biz həmişə qorxuruq. Hər gün, az qala hər saat yeni bir şey öyrənirik. Bizə nə qədər şeyin səhv öyrədildiyini anlayırıq. Get-gedə uçurum böyüyür. Hər gün zərrə-zərrə yuvarlanırıq o uçuruma. Hər gün biraz üzülür ayaqlarımız torpaqdan.
 Öz səsin özünə ağırlıq edir. Susduqca bu ağırlıq biraz da dərinə çəkir. Bir nəfəslik yersə həmişə bizimlədir. Bilmirsən hədiyyədir bu sənə ya işgəncə.
Bu gün yenə özüm kəsdim saçlarımı... Özümü inandırmaq istədim ki...
...içində boğulduğum qadın... bundan qurtula bilsəm bircə...