...

...

17 Ekim 2017 Salı

Devid Herbert Lorens





                                              Biletlər, zəhmət olmazsa


Midlandsda qəsəbədən ayrılıb qaranlıq düzənliklərlə zavoda tərəf uzanan, fəhlələrin yaşadığı kasıb və çirkli məhlələrin arasıyla, kanalların üstündən keçən, kilsələrin ətrafıyla dolanıb, bazarlardan, kinoteatr və dükanlardan yana dönüb, kömür mədənlərinin yerləşdiyi çökəkliyə doğru enib, təkrar yuxarı qalxan, kiçik qəsəbə məktəbini keçdikdən sonra ağacların arasıyla tələsərək soyuq və kiçik şəhərə doğru yön alan bir tramvay xətti vardı. Və burda yaşıl və ağ tramvaylar dayanıb qəribə bir zövqlə xırıldayırdılar. Bir neçə dəqiqədən sonra marketin qülləsindəki saat vaxtın yetişdiyini göstərəndə tramvay macərası yenidən başlayırdı.
Tramvaylara minmək hər dəfə başqa bir macəra idi. Müharibə dövrü olduğu üçün  sürücülər ancaq cəbhəyə yararsız olan kişilər - axsaqlar və qozbellər idi. Bu kişilər dəcəl uşaqlar kimi idilər. Tramvaylarla səyahət etmək lap şikəstlərin yarışmasına bənzəyirdi. Urra! Kanalın körpüsündən keçdik. Sırada nə var?
Relslərdən əməlli-başlı qığılcım çıxırdı. Tez-tez tramvay relslərdən çıxır, başqa tramvay onu çəkib yoluna çıxardana qədər də o çuxurda eləcə qalırdı. Bu adamların heç vecinə də olmurdu. Tez-tez ağzına qədər adamla dolu bir tramvay qaranlığın ortasında qəfil dayanır, sürücü “tez enin, yanğın var” deyə qışqırırdı. Əvvəl heç kəs hərəkət etmək istəməsə də, alov yüksələn kimi hamı əl-ayağa düşürdü.
Hava soyuq, küləkli və qaranlıq olduğu üçün heç kəs tramvayı tərk etmək istəmirdi. Belə havalarda tramvay sığına biləcəyin ən ideal məkan idi.
Mədənçilər fərqli filmlərə baxmaq, fərqli pivəxanalara getmək, başqa qızlarla tanış ola bilmək üçün bir qəsəbədən başqasına səyahət edirdilər. Buna görə tramvaylar həmişə dolu olurdu. Bu soyuqda, qaranlıqda hansı ağıldankəm dayanıb başqa bir tramvayın gəlməsini gözləmək istəyərdi ki?
Sizə İngiltərənin ən təhlükəli tramvay səyahətini təqdim edən bu tramvaylarda bilet yığan qızlar hamısı gənc və olduqca da gözəldirlər. Hətta qorxuludurlar. Eybəcər, mavi uniformaları, dizlərinə çatan ətəkləri və başlarındakı kepkalarıyla hamısı canavarlara bənzəyirlər. Qışqıra-qışqıra mahnı oxuyan, bir-birinə söz atıb gülüşən mədənçilərlə dolu tramvayı idarə etmək onlar üçün su içimi kimi bir şeydir. Biletsiz keçmək istəyənləri elə itələyib, üstünə şığıyırlar ki, adam dəhşətə gəlir. Heç kəsdən qorxmurlar, əksinə, hamı onlardan çəkinir.
- Salam, Ann.
- Salam, Ted, biletlər, zəhmət olmazsa.
Və xanım Ston hücuma hazır vəziyyətdə dayanıb biletləri gözləyir. Hər axşam tramvay vaqonunun ilk pilləsinə ayaq basmaq onun üçün müharibəyə ilk addımı atmaq deməkdir.
Nəzarətçilər də gənc və yaraşıqlı kişilərdir. Nəzarətçilərin başçısı hər gün əynində uzun plaşı, simasında özündənrazı bir təbəssümlə dayanıb tramvaya qalxan adamlara nəzarət edir. Hərdənbir də tramvaya qalxıb Annla salamlaşır:
- Salam, Ann, yağışdan qaçırsan?
- Saçmağa çalışıram.
Tramvayda hələ ki ikicə adam var. Yoxlanış tez bitir. Və pillələrdə nəzarətçiylə biletyoxlayan qızın on iki millik uzun söhbətləri başlayır.
Nəzarətçinin adı Con Tomas Raynordur. Adətən onu Con Tomas deyə çağırırlar. Bütün gün qəsəbədə onun haqqında dedi-qodular, qeybətlər gəzir. Bütün tramvay qızlarıyla eşqbazlıq etdiyini danışırlar. Qızları söhbətə tutur, gecənin qaranlığına tərəf çəkir və...
Buna görə də biletyoxlayan qızlar tez-tez işdən çıxmalı olurlar. Beləcə Con tezliklə yeni gən qızlarla macəraya başlayır. Bircə bu Ann əsl baş bəlası idi. Sərt münasibətiylə Conu məsafəli davranmağa məcbur edirdi.
Con həmişə elə ədalı, elə lovğa yerişlərlə gəzirdi ki, elə bil alçaq dağları bu yaradıb. Ann onu yaxşı tanıdığı üçün məsafə saxlamaq məcburiyyəti hiss edirdi. Həm də Annın sevgilisi vardı axı.
Bir dəfə işdən icazə alıb tez çıxdı və açıq hava şənliyinə gedib biraz əylənməyə qərar verdi. Və orda kimlə rastlaşsa yaxşıdır? Təbii ki, Con Tomasla. Əslində yanında bir kişi olduğu üçün Ann özünü güvəndə hiss edirdi indi. Con onu qorxulu dişli əjdahalarla dolu,  fırlanan yelləncəklərə tərəf apardı. Lunapark tramvay qədər həyəcanlı olmasa da, Annın xoşuna gəlirdi.
Fırlanan qatarda yanaşı oturub bir neçə dövrə vurdular. Con qolunu Annın çiyninə atıb onu özünə tərəf çəkmişdi və Ann etiraz etmirdi.
Qatardan düşüb atlı yelləncəklərə mindilər. Bütün biletləri Con alırdı. Halqa atmaq oyununda Ann üçün iki dənə iri sancaq da qazandı.
Sonda filmə baxmaq istədilər. Lentdə nəsə problem yarandığı üçün film ortada kəsildi və zal qaranlığa qərq oldu. Ətrafdan gülüş və öpüşmə səsləri gəlirdi. Con bu vəziyyətdən istifadə edib Annı özünə doğru çəkdi. Onun nəfəsi qızın saçlarında gəzişirdi. Və öpüşməyə başladılar. Qəfil işıqlar yandı və Ann utanıb özünü geri çəkdi. Con Tomas da qolunu onun çiynindən çəkib arxaya tərəf uzatdı.
Beləcə aralarında sevgi macərası başladı. Amma Ann hələ də məsafəni qorumaqda davam edirdi. Həyatı və Con Toması az-çox tanıdığı üçün hər şeyi nəzarətdə saxlamaq istəyirdi. Nə də olsa, qozbeli qəbir düzəldər deyə düşünürdü.
Əslində Con Tomasdan çox xoşu gəlirdi. Onun yanında özünü həmişə əsl qadın kimi hiss edirdi: xoşbəxt və rahat. Con Tomas da onunla fərqli davranırdı. Münasibətləri, tanışlıqları irəlilədikcə Ann daha çox şey istəməyə başladı. İndi o təkcə gecələr görüşməklə kifayətlənmir, Cona xüsusi və daha çox qayğı göstərmək istəyir, ondan da eynisini gözləyirdi. Elə bilirdi ki, indi Con ondan əsla ayrıla bilməz. Və yanılırdı. Təəssüf ki, Con Tomas bu münasibətin təkcə gecə görüşləri səviyyəsində qalmağını istəyirdi. Annın həyatında nəsə xüsusi bir yeri tutmaq fikri yox idi. Məsuliyyəti sevmirdi, ciddi münasibətlər onun üçün deyildi. Və söhbət bu yerə çatanda Con aradan çıxdı.
Ann əvvəlcə təəccübləndi. Sonra məğlub olduğunu başa düşdü. Ardınca qəzəb, peşmanlıq və atılmışlıq hissiylə ağlamağa başladı. O elə bilirdi ki, Con da bu münasibətdə ən az onun qədər ciddidir. Ümidsiz, ağrılı və göz yaşı dolu gecələrdən sonra biraz özünə gələ bildi.
Bir müddət sonra Con Tomas yenə tramvayda peyda oldu. Gələn kimi də bütün hiyləgər baxışları, davranışları ilə Anna başqa bir qızla sevgili olduğunu hiss etdirdi. Bundan qəzəblənən Ann qisas almaq fikrinə düşdü.
Ann əvvəlcə Noraya yaxınlaşdı. Nora ucaboy, cüssəli, sarı saç, solğun bənizli qız idi. Əsas odur ki, sirr saxlamağı bacarırdı. Ann ona yaxınlaşıb əvvəlcə salamlaşdı. Sonra sorğu-sual başladı.
- Nora, bilmirsən, Con Tomas indi kimlə sevgilidir?
- Yox, bilmirəm.
- Bilirsən axı, ən az mənim qədər həm də.
- Mən deyiləm, bundan rahat ol. - Nora narahat halda cavab verdi
- Çizidir, hə?
- Elə deyirlər.
- Axx, özündənrazı, lovğa Con Tomas. Hər görəndə az qalıram onu tramvaydan itələyib yerə atım.
- Onsuz da əvvəl-axır bunu kimsə edəcək. - Nora hiyləgərcəsinə gülümsədi
- Bəlkə ona həddini göstərək, hə? Nə deyirsən? Bilirəm, sənin də mənim kimi səbəblərin var, Nora.
- Əla olar. - Nora Anna göz vurub güldü.
Beləcə Ann Conun bütün keçmiş sevgililəriylə danışıb plan qurmağa başladı.
Çizi işdən çıxmışdı. Anası tramvayda işləməyinə razı deyildi. Bekar qalan Con çarəni köhnə qızlara yaxınlaşmaqda görürdü. İlk öncə Anna yaxınlaşmaq qərarında idi. Həm onun indi ağıllandığını düşünürdü, həm də ən çox ondan xoşu gəlirdi. Bu Ann üçün əla  fürsət idi.
Bazar günü axşam işdən sonra Con Tomasa onu evə ötürməyə icazə verdi. Dayanacağın  yaxınlığında biletyoxlayan qızların kiçik gözləmə zalı vardı. İşdən çıxan altı qız  - Conun keçmiş sevgililəri - evə qayıtmaq əvəzinə bura yığışıb kamini yandırıb çay içməyə başlamışdılar. Annın arxasınca Con qapıdan başını içəri uzadıb hırıldamağa başladı:
- Ayin keçirdirsiniz deyəsən.
- Hə, - dedi Laura Şarp. Ancaq qızlar üçündür.
- Əsl mənlikdir ki. - Con hələ də hırıldayırdı.
- Qapını ört! - bağıran Muryel idi.
Con qapını örtüb içəri keçdi. Qızların dairə qurub oturduqları stullardan birində əyləşdi.
- Bayır çox qaranlıqdır. Mənə çay verməyəcəksiz?
Nora ona bir stəkan çay süzüb gətirdi.
- Yemək istəmirsən? - dilucu soruşdu.
- Əla olar.
Yeməyini yeyə-yeyə: “Ən rahatı evdi, qızlar” dedi. Qızlar hamısı ona baxdılar.
Axırıncı tramvay gələnə qədər gözlədilər. Tramvay gələndən bir-iki dəqiqə sonra qapı açıldı və Ema içəri girdi.
- Gəl, gəl, - deyə Poli bağırdı.
- Hava elə soyuqdur ki... - dedi Ema.
Muryel üzünü Cona çevirib laqeyd bir səslə soruşdu:
- Bu gecə sevgilin kimdir, Con?
- Təəssüf ki  bu gecəni tək-tənha keçirməli olacam.
- Əsl mənlikdir, - dedi Nora. Onu öz silahıyla vururdu.
Qızlar birağızdan gülüşdülər.
Con Tomas pərt halda ayağa qalxıb paltosunu geyindi.
- Hara gedirsən? Axı biz hamınız bura sənin üçün yığışmışıq.
- Səhər tez oyanmalıyam. - Con pərt səslə dilləndi
Qızlar yenə gülüşdülər.
- Getmə nolar, - dedi Muryel. - Bizi tək qoyma. Ya da heç olmaya birimizi özünlə apar.
- İstəyirsiz hamınızı aparım. - Con yenə hırıldadı.
- Yox, birimizi seçməlisən.
Ann bayaqdan bəri ilk dəfə ağzını açıb nəsə dedi.
- Yox, bu gecə tək qalmaq istəyirəm.
- Elə şey yoxdur, - dedi Muryel. - Tez ol, üzünü çevir divara, birimiz kürəyinə toxunacağıq və tapmalısan hansımızıq.
Onu itələyib üzü divara dayadılar. Con əməlli-başlı pərt olsa da, heç nə edə bilmirdi. Başını geri çevirmək istəyəndə Ann pişik cəldliyiylə sıçrayıb təpəsinə yumruq ilişdirdi. Con Tomas səndələdi. Qızlar hamısı üstünə cumub ona şillə, təpik, yumruq atmağa başladılar. Əslində bunu əyləncə xatirinə edirdilər. Con birtəhər onlardan qurtulub qapıya tərəf qaçdı. Qapı bağlı idi.
Qızlar yenə onu dövrəyə alıb qışqırmağa başladılar:
- Seç, seç, tez ol birimizi seç!
- Açın bu zəhrimarı! - Con qəzəblə qışqırdı.
- Seçimini etməyincəyə qədər açan deyilik.
- Axı nə seçimi?
- Hansımızla evlənəcəyini seçməlisən.
Con duruxdu.
- Ağlınızı başınıza yığın, tez, açın qapını.
- Tez ol, seçim et! - Ann qışqırdı.
Con Tomas ona tərəf hərəkət etmək istəyəndə Ann  bayaqdan açıb əlində hazır saxladığı kəmərin toqqasıyla onun başına güclü bir zərbə endirdi. Con sıçrayıb qızı tutmaq istədi, o biri qızlar tez hücuma keçib onu dartışdırmağa, döyməyə, zərbələr endirməyə başladılar. Onunla oyuncaq kimi rəftar edirdilər. Hərə öz qisasını alırdı. Oğlanın köynəyini dartıb cırmışdılar. Nora arxadan köynəyin boynundan bərk-bərk yapışıb var gücüylə çəkir, onu boğurdu. Yaxşı ki, köynəyin düymələri qopdu və Con nəfəs ala bildi. Zərbələr davam edirdi. Gücünü itirən Con Tomas nəhayət yerə sərildi. Üz-gözü sıyrılmış, alnı şişmişdi.
Qızların hamısının rəngi qıpqırmızı olmuş, saçları üzlərinə dağılmışdı. Hamısının gözləri qəribə şəkildə parıldayırdı. Nəhayət Ann nəfəsini dərib qışqırdı:
- Həə, harda qalmışdıq?
Con Tomas hərəkət etmək istəyirdi ki, qızlar yenidən hücuma keçdilər.
- Harda qalmışdıq? - Ann yenə qışqırdı
Bir anlıq sakitlik çökdü. Qəfildən Poli gülməyə başladı. Ema və Muryel də ona qoşuldular. Ann və Nora isə hələ də hücuma hazır vəziyyətdə idilər.
- Başa düşə bildin, günahını anlayırsan? - Ann pıçıldadı.
Con Tomas tərpənmirdi.
- Sən ölməlisən, öl-mə-liii! - Annın səsi indi qəzəbli idi.
- Hələ də seçim etməyib. - bu Polinin səsi idi.
- Hə, seçim etməlidir. - bu da Muryel idi.
Ann Conun başından yapışıb üzünü özünə tərəf çevirdi:
- Eşitdin?
Con Tomas ona nifrətlə baxırdı. Ann onun üzünü özünə yaxınlaşdırıb amiranə səslə: “dillən” – dedi.
- Nə istəyirsən axı məndən?
- Birimizi seçməyini.
Con üzünü yan tərəfə çevirdi. Onu parça-parça etsələr də, təslim olmaq fikrində deyil kimi görünürdü.
- Yaxşı, Annı seçirəm. - Con asta və laqeyd səslə dilləndi.
Qızlar hamısı birağızdan “ aaaa, Annı seçdiii” deyə qışqırışdılar. Ann oğlandan biraz aralanıb diz çöküb oturdu. Con Tomas səssizcə yerdə uzanmışdı.
- Onu istəmirəm! - Ann əsəbi şəkildə diləndi.
- Artıq seçimini edib. - bu Polinin səsiydi.
- İstəmirəm mən onu, təzdən seçsin, başqasını seçsin.
- Ayağa dur, dur ayağa, tez ol. - Poli Con Tomasın çiyinlərindən yapışıb silkələdi.
Con Tomas yavaşca ayağa qalxdı. Dəhşətli görüntü idi. Hər tərəfi yara, sıyrıq və şiş idi.
- Həə, kim istəyir bunu? - Laura qızlara tərəf qışqırdı.
- Heç kəs, heç kəs... - hamısı hırıldaşdılar.
Qızlar hamısı əslində dayanıb gözləyirdilər ki, Con indi üzlərinə baxacaq. Təkcə Ann onunla göz-gözə gəlmək istəmirdi. İçində nələrsə parçalanıb çiliklənmişdi sanki.
Səssizlik çökmüşdü. Con heç birinin üzünə baxmadan əyilib yerdən köynəyinin cırıqlarını və küncə düşmüş kepkasını götürdü. Sonra da asılqandakı paltosuna tərəf yönəldi. Paltonu geyib yaxasını düymələdi.
- Biriniz qapını açın. - Laura astaca dilləndi.
- Açar səndədir, Ann.
Ann açarı uzatdı, Nora qapını açdı. Üzünü Con Tomasa tutub:
- Həə, belə-belə işlər. Çıx get, adam ol, özün də heç vaxt kin saxlama, - dedi.
Con Tomas sakitcə çıxıb getdi.
- Əcəb dərs olar ona, - dedi Laura.
- Yaramaza bu da azdır! - bu Noranın səsi idi.
Birdən Ann əsəsbi şəkildə qışqırdı:
- Kəsin səsinizi, lənətə gəlmişlər, susun hamınız!
- Nəysə, mən hazıram, çıxaq, Muryel? - bu Poli idi.
Hamısı tələsik üst-başlarını səliqəyə salıb çıxmağa hazırlaşdılar. 

11 Ekim 2017 Çarşamba

Andre Morua


 
                                        DÜŞÜNMƏK SƏNƏTİ

Dünya və düşüncə
     Gözlərimi iş otağımın pəncərəsinə çeviririəm.  Bir anlıq düşüncələrim şüşənin naxışlarına qarışır.  Eyvan barmaqlıqlarının yaratdığı tordan o tərəfdə Bolugne meşəsinin  Paris səhərlərinə xas xəfif və biraz da mavitəhər dumana bürünmüş yamyaşıl dalğaları görünür. Üfüqdə təpələr yüksəlir və Valerin dağının tünd ağaclarla bəzənmiş yamaclarındakı xəstəxana binası sərv ağaclarıyla əhatələnmiş Floransa monastrını xatırladır.  Şəffaf buludların uçuşduğu göy üzündən qaranquş dəstələri keçir. Hardasa uzaqdan təyyarə səsləri eşidilir. Təyyarə səsləri mənə  müharibəni, bombardmanları , gecəni ikiyə bölən həyəcan siqnallarını xatırladır. Daha nə ağacları görürəm nə də quşların səsini eşidirəm. Bir mədəniyyətin çöküşü – Roma imperiyasının sonu haqda fikirləşirəm . Miladın üçüncü yüzilliyində Əlcəzair sahillərində zəngin və qüdrətli bir ölkə olub, bir əsr sonra isə viranə xarabalıqlara çevrilmiş o şəhəri düşünürəm.
Beləcə , təkcə kainatın həmin andakı görüntüləri yox, eyni zamanda keçmişdə qalan hadisələr və təxmini mümkünsüz olan gələcək də düşüncələrimin mövzusuna çevrilir. Elə bil yaddaşım ucsuz-bucaqsız bayır dünyanın zaman və məkandan arınaraq əks olunduğu kiçik bir dünyadır –  mənim iç dünyam
Filosoflar tarix boyu kainatın bu kiçildilmiş modelindən mikrokosmos və  içində yaşadığımız və daima anlamağa, həm də dəyişdirməyə çalışdığımız bu böyük dünyaydan isə makrokosmos deyə bəhs ediblər .
Orta əsrlərdə yaşamış filosoflardan biri yaddaşın əsas  funksiyası makrokosmosun əhatə etdiyi hər şeyi udmaqdan ibarətdir – deyə yazırdı.  Bunu biraz romantikləşdirsək, belə deyə bilərik ki, yaddaş hər şeyi udmağa cəhd edir və nəticədə dünya da bağçadakı şüşə kürədə əks olunan ağaclar, çiçəklər və səma kimi bir qədər şəklini dəyişmiş halda  içimizdə əks olunur.
Düşüncə aləmini son dərəcə qarmaqarışıq hala gətirən başlıca amil burda hər şeyin – dünənin, sabahın, makro və mikrokosmosun daimi hərəkət halında olmasıdır. Sözsüz ki, indiki zamana aid hər şey orda konkret görünüşə sahibdir – məsələn bu dəqiqə bu pəncərənin çölündə gördüyüm mənzərə, göy üzü, quşlar və s. Kimi.  Amma xatirə, gözlənti, mühakimə və s. Kimi hər şey daima iç dünyamızın dalğalarında üzməkdədir. Yanılmaq, unutmaq, məlumatsızlıq və s. Kimi şeylər daim yaddaşımızdakı əşyaların şəklini dəyişdirir və hər dəfə onları yeni görüntüdə, yeni şəkildə bir qədər dəyişmiş olaraq xatırlaya bilirik.
Məqsədli şəkildə düşünmək istəyi bizi bir müddət gözləməyə, araşdırmalar aparmağa sövq edir. Digər tərəfdən də tezliklə hərəkətə keçməli olduğumuzu fikirləşirik.  Məsələn, tutaq uşaqlarımızın biri getdikcə arıqlayır, zəifləyir, rəngi solur. Görəsən, dərdi nədir? Xəstədirmi ?  Fiziki yoxsa ruhi problemləri var ? kiminlə məsləhətləşmək olar?  həkimə aparmaq lazımdırmı ? bütün bu suallara cavab tapa bilmək üçün xeyli zaman lazımdır, onda bu vəziyyətdə neynəməliyik ? bu suallara ən qısa zamanda cavab tapmalıyıq çünki uşaq gözümüzün qabağında əriyir. Hətta ölə də bilər. ətraf dünyanı analiz edə bilmək üçün bu qədər çox vaxtımız yoxdur, bunu başa düşdüyümüz an köməyimizə iç dünyamızdakı o solğun, bulanıq mənzərələr çatır.
İnsanın simvollarla görüntüləri qarşılaşdırıb, davranışların real əşyalarda yaradacağı nəticələri təxmin etmək və hansısa qərara gələ bilmək cəhdinə “düşünmək” deyirik.  Yəni hər düşüncə bir hərəkət üçün bir növ “qaralama dəftəri”dir. Və həyatımızın tablosu bu “qaralama dəftəri”nə və onun üzərində edəcəyimiz bəzi dəyişiklərə əsasən yaradılır.  Düzgün hərəkət edə bilmək üçün Paskalın da deiyi kimi, doğru düşünə bilməliyik.  Bəs yaxşı doğru düşünə bilmək nədir ? – bu dünyanın içimizdə kiçik modelini bacardığımız qədər ətraf real dünya ilə üst-üstə gətirə bilmək deməkdir. Yəni mikrokosmosun qaydaları makrokosmosla uyğun gələrsə, xəritədə dünyanın aydın görüntüsü yaranacaq və bu vaxt qorxularımız, istəklərimiz və ümidlərimizlə asanlıqla başa çıxa biləcəyik.
Bəs həqiqətən də  insanın düşüncələrini idarə etməklə davranışlarını tənzimləməsi , beynində kainatın düzgün modelini qurub, buna uyğun şəkildə hərəkət etməklə hədəfindəki limana çata bilməsi mümkündürmü ? Bax, əsl məsələ, əsl sual da elə budur .