...

...

15 Aralık 2014 Pazartesi

'' kəpənək filosof''un yuxusundan sonra Kafkanın ''Çevrilmə''si



‘’Bir gün yuxumda qəşəng bir kəpənək olduğumu gördüm. Yuxudan ayılandan sonra düşünməyə başladım – görəsən, mənmi  yuxuda kəpənək olduğumu görürəm,yoxsa kəpənək öz yuxusunda mən olduğunu görür ’’  ?
Kafkanın  Çevrilmə əsərini oxumağa başlayan kimi ‘’kəpənək filosof’’ -  Taoçuluq təliminin öncüllərindən biri sayılan Zhuangzinin bu  fikirləri düşür  yadına.Zhuangzi  ‘’mən yuxumda mənim varlığımdan xəbərsiz bir kəpənək olduğumu görə bilirəmsə,bəlkə elə mən də  o kəpənəyin yuxusu  ola bilərəm’’  deyə düşünürdü.
Taoçuluq təliminin əsaslandığı prinsiplərdən biri də budu -  böyük bir oyanış  var və o oyanışda insan böyük yuxunu anlayır. Cahillərsə bu yuxudan əsla ayıla bilməyənlər,ömrü boyunca bir çoban,bir müəllim,bir insan olduğundan əmin halda  yaşayanlardı. Sən də,mən də,onlar da yuxudayıq,röya görürük və hətta mənim bunu sənə deməyim özü də bir röyadı...
Uzun müddət sədaqətlə  sizə xidmət edən bir qulluqçu düşünün. Bir səhər ayılıb onun hər gün etdiyi işlərin – süfrəni qurmaq,səhər yeməyi hazırlamaq,çay dəmləmək – bu gün heç birini etmədiyini  görsəz necə də təəccüblənər,narahat olarsız,deyilmi?
Yaxud bir molla bir səhər oyanıb minarədən səhər azanı oxumaq əvəzinə  qamışdan bir tütək düzəltməyə çalışdığını görən insanlara ‘’daha ibadət etməyəcəm,bundan sonra tütək  düzəldəcəm’’  deyərsə,adamlar ona necə baxar? Sözsüz ki , onu tək,yalnız qoyub çııxıb gedər hamı bir-bir.
Ən sadə misal,ən sevdiyi yeməyi bişirib  süfrədə onu  gözləyən xanımına  axşam evə gəldiyində ‘’mən daha bu yeməyi sevmirəm deyən’’ adama zillənən təəccüb dolu gözləri görə bilirsizmi?
Yaxşı, başqa bir şəkil çəkim. Ortabab bir maaşı olan işdə işləyən bir kişi bir gün qəzaya düşür.  Onurğa sütunundakı zədələrə görə bədəni hərəkət etmə qabiliyyətini itirir. Fərz edək ki, hətta danışa da bilmir.
Və o adamın qəzadan sonrakı həyatı:  əlil arabasına öyrəşmə cəhdləri,hərəkətsizliyə,danışa bilməməyə öyrəşməsi...hansı vəziyyətdə çarpayıda necə uzansa daha yaxşıdı...yavaş – yavaş özünü yeni vəziyyətdə tanıması... Eyni zamanda həm ailənin içində olması həm də kənardan doğmalarını seyr etməsi...
Adama elə gəlirdi ki, o olmasa ailəsi məhv olar,problemlərlə başa çıxa bilməz. Amma indi baxır və görür ki, hamı özünə nəsə uyğun bir iş tapıb və ailə əvvəlki kimi həyata tutunur. Bir problem onun indiki halıyla varlığıdır. Yəni bu qədər problemin arasında bir də üstəlik şikəst bir adama qulluq etmək. Və sən doğmalarının səndən yavaş-yavaş necə bezdiyini görürsən günbəgün. əvvəl sevgiylə görülən işlər vaxt uzandıqca mərhəmətə,ardınca da məcburiyyətə,bezginliyə çevrilir.Artıq sənin yaşadığın hər gün işəncə kimidi onlarçun və sənin ölümünü arzulamaqdan bircə şeyə  görə çəkinirlər – sən onların doğmasısan. Ya da haçansa belə olmusan. Sən bunları dərk etdikcə yavaş-yavaş ölürsən. Özünün bir böcəkdən ,arxası üstə çevrilib eləcə qalan bir böcəkdən elə bir fərqin olmadığını görürsən. Yavaş-yavaş böcək qədər əhəmiyyətsiz olduğunu və elə sonda da bir böcək kimi bəsitcə öldüyünü görürsən.
Kafkanın  Zamzasının   taleyinin  bizim hekayədəki adamın taleyindən nə fərqi var ki? Kafka da  belə bir  adi məişət problemini təsvir etməyibmi elə?

‘’Çevrilmə’’ -  bir səhər oyanıb tütək düzəltməli olduğunu anlayan mollanın,daha qulluqçu olmadığını dərk edən xidmətçinin,bir axşam evə qayıdınca daha bu yeməyi sevmədiyini söyləyə bilən  adamın,eyni zamanda da əlil arabasında evin bir küncündə nəfəs alıb-verməklə məşğul olan bir insanın  hekayəsidi. Çevrilməsidi. ‘’Böyük yuxu’’dan oyanışı,’’böyük röya’’nı dərk etməsidir.
Və əsəri  kölgə kimi izləyən bir fikir  – bir böcəyin də ən az insan qədər bilinçli ola bilmə ehtimalı da  ‘’kəpənək filosof’’un yuxudan sonrakı düşüncələrinin eynisidi elə .

Və Kafka bu hekayəsində  davam etdirdiyi modernizm  ənənələri,üslub və texnikanın arxasında bunları yaxşı mənada ‘’gizlədib ‘’ .


Hiç yorum yok:

Yorum Gönder